2016-12-12 13:22

Rayonlarda analoq yayımın dayandırılmasından sonra müraciətlərin sayı məlum oldu

"Bakı və Abşeron yarımadasında, rayonların əksər hissəsində analoq televiziya yayımının dayandırılmasından sonra "Qaynar xətt”ə (14-11 nömrəli) əhalidən 50 minə yaxın müraciət daxil olub”.

LiderXeber.az xəbər verir ki, bunu "Report”a açıqlamasında Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Radio-Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyinin (Teleradio İB) Texniki şöbəsinin rəisi Zöhrə Əfəndiyeva deyib. 

O bildirib ki, Bakı ilə müqayisədə rayonlardan gələn müraciətlərin sayı daha azdır: "Rayonlarda analoq televiziya yayımının dayandırılmasından sonra 2275 müraciət almışıq. 

Əhalini əsasən dekoderlərin haradan alınması, necə qoşulması kimi suallar maraqlandırır. "Teleradio” İstehsalat Birliyinə gün ərzində təxminən 200-ə qədər müraciət daxil olur”.

Z.Əfəndiyeva qeyd edib ki, hazırda sosial paketin yayımını təmin etmək üçün bütün ölkə üzrə 100 rəqəmli televiziya ötürücüsü fəaliyyət göstərir. Onun sözlərinə görə, rəqəmli yayımın effektivliyini təmin etmək üçün bu say artırılacaq.

Qeyd edək ki, Bakı və Abşeronda analoq televiziya yayımı noyabrın 1-dən, rayonların əksəriyyətində isə dekabrın 1-i və 10-u tarixlərindən dayandırılıb. 

Günay Cəfərova

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı