2016-12-08 11:13

Qarlı hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi paytaxtda qarlı, şaxtalı və qeyri-sabit hava şəraiti ilə əlaqədar sürücülərə və piyadalara müraciət edib.

LiderXeber.az xəbər verir ki, idarənin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov AzVision.az-a bildirib ki, havaların qarlı, şaxtalı və qeyri-sabit olması yollarda sürüşmə və qəzaların başvermə ehtimalını artırır. 

V.Əsədov sürücüləri ictimai nəqliyyatdan istifadəyə üstünlük verməyə çağırıb: "Şəxsi avtomobillərdən istifadə edənlər mövsümi şinlərdən və texniki cəhətdən tam saz olan avtomobillərdən istifadə etməlidirlər. Sürət həddini seçərkən hava şəraiti və yolun vəziyyəti nəzərə alınmalı, xüsusilə enişli-yoxuşlu yollarda diqqətli olmalı, əyləc sistemindən mümkün qədər az istifadə etməlidirlər. Avtomobili hərəkətə gətirərkən, sürəti artırıb-azaldarkən sürət qutusunun köməyindən, eləcə də yaxın vuran işıqlardan istifadə edilməli, hava şəraitindən asılı olmayaraq, dövlət nömrə nişanlarının təmiz saxlanması və onların aydın şəkildə görünməsi təmin olunmalı, işıq cihazlarının görünməsi təmin edilməlidir. 

Yollarda sürüşmə ehtimalı nəzərə alınaraq piyadalardan xahiş edilir ki, yolların hərəkət hissəsinə çıxmasınlar, onlar üçün nəzərdə tutulmuş yerlərdən keçsinlər, səkilərlə, yeraltı və yerüstü keçidlərlə hərəkət etsinlər, valideynlər azyaşlı uşaqların qapalı şəraitdə olmasına diqqət yetirsinlər”.

Aylin Vəliyeva

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı