2016-12-06 09:42

Prezident bu rayonların içra başçılarını dəyişir - Siyahı

7 icra başçısı istefaya gedir.

Yeni ilin əvvəlində prezidentin Nazirlər Kabinetində müşavirə keçirəcəyi gözlənilir; Müşavirədə ölkənin sosial-iqtisadi yekunlarına həsr olunmuş hesabat açıqlanacaq... 

LiderXeber.az politika.az-a istinadən xəbər verir ki, müşavirədən sonra rayon icra hakimiyyəti strukturlarında kadr islahatlarına başlanacaq. 

Hakim komanda daxilində gedən müzakirələrdən də çıxan qənaət ondan ibarətdir ki, bəzi icra hakimlərinin sərəncamı hazırlansın. Regionlar üzrə aparılan monitorinqlər və sosial həyat səviyyəsi nəzərə alınaraq həmin bölgələrin icra başçılarının işindən kənarlaşdırılması hədəflənib. 

Həmin əyalətlərdə insanların şikayət və müraciətləri, məmur özbaşınalığı və qanunsuzluqlar, Prezident Administrasiyasına göndərilən məktublar əsasında dosye tərtib olunur. Bundan sonra bəzi rayonların icra başçıları ilə bağlı qərarlar verilir. 

İlkin siyahı üzrə bir neçə rayon rəhbəri nəzərdə saxlanıb: Astaranın icra başçısı Qəzənfər Ağayev, Masallının icra başçısı Rafil Hüseynov, Beyləqanın icra başçısı Vaqif Abdullayev, Saatlının icra başçısı Siraqəddin Cabbarov, Neftçalanın icra başçısı İsmayıl Vəliyev, Hacıqabulun icra başçısı Əhməd Muxtarov, Gəncənin icra hakimi Elmar Vəliyev istefaya göndərilə bilər.

Mənbənin qeydlərinə görə, adıçəkilən 7 icra başçısından kifayət qədər narazılıqlar var. Həmçinin, onlar çoxdandır vəzifədədirlər və ümidləri doğrultmayıblar. Hakimiyyət hər il icra hakimlərinin vitrininə əl gəzdirir. Yeni ildən də 7 icra hakimi mərhəəli şəkildə yola salına bilər. 

Referendumdan sonra icra başçıları ilə bağlı Azərbaycan hökumətinin ciddi islahatlar aparacağı ilə bağlı yayılan xəbərlər özünü doğrultmaqdadır.

Bir müddət əvvəl Prezident Administrasiyası (PA) rəhbərinin müavini, PA-nın Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyevin çıxışı da aktuallaşmaqdadır. 

Z.Nağdəliyev bildirmişdi ki, bundan sonra icra başçılarının fəaliyyətinə qiymət verilərkən əsas meyar kimi onların prezidentin tapşırıqlarına nə dərəcədə əməl etməsi ilə yanaşı, rəhbərlik etdikləri rayonlara nə qədər yerli və xarici investisiya cəlb etmələri olacaq. 

Sonra dövlət başçısı da çıxışında bu məsələni vurğuladı. Eyni zamanda adı müxtəlif qalmaqallı hadisələrdə hallanan və barəsində tez-tez prezidentə şikayətlər ünvanlanan icra hakimlərini qeyd etmək olar. Söhbət adı daha çox mediada müxtəlif neqativ işlərdə hallanmış məmurlardan gedir.

Günay Cəfərova

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı