2016-12-03 11:27

Külək daha iki rayonu işıqsız qoydu

Hazırda yaranmış problemlərin aradan qaldırılması üçün tədbirlər görülür.

Ötən axşam güclü külək Astara və Daşkəsəndə fəsadlar yaradıb, rayonlar işıqsız qalıb.

LiderXeber.az-ın verdiyi xəbərə görə, külək əsasən, elektrik təsərrüfatına ziyan vurub. Demək olar ki, 95 faiz abonent gecəni qaranlıqda keçirib. Qəzalar rayonun bütün istiqamətlərində qeydə alınıb.

Hazırda rayonda bərpa işlərinə başlanılıb.

Astara Rayon İcra Hakimiyyətindən bildirilib ki, hazırda Siyəkü, Hamuşam-Əsxənəkəran xətlərində təmir-bərpa işləri aparılır. İcra Hakimiyyəti aparatının məsul işçisi Xəlil Lətifov rayondakı son durum barəsində məlumat verərək bildirib ki, səhər saat 6.00 -dan başlayaraq rayon ərazisində dünən gecə saatlarında güclü küləyin elektrik təsərrüfatlarına vurduğu ziyanın aradan qaldırılması istiqamətində işlərə başlanılıb: "Artıq Səncərədi-Artupa istiqamətində yaranmış qəza aradan qaldırılıb. Kijəbə qəsəbəsinə də elektrik enerjisinin verilişi bərpa olunub. Hazırda briqadalar Pensər və Təngərüd kəndləri ərazisində baş verən qəzaları aradan qaldırmaqla məşğuldur."

Sakinlər hündür gövdəli ağacların aşdığını, kəndlərdə dam örtüklərinə ziyan dəyməsi barədə bildirsələr də, hələlik rayonun Fövqəladə Hallar üzrə Dövlət Komissiyasına icra nümayəndəlikləri tərəfindən heç bir məlumat daxil olmayıb.

Daşkəsəndə əsən güclü külək nəticəsində rayon mərkəzində bir neçə binanın dam örtükləri dağılıb, elektirik dirəkləri aşıb. Rayonun bir hissəsində və 2 qəsəbəsində elektirik enerjisinin verilməsi dayandırılıb. Qarla müşahidə olunan güclü külək avtomobillərin də hərəkətində çətinliklər yaradıb.

Hazırda yaranmış problemlərin aradan qaldırılması üçün tədbirlər görülür.

Qeyd edək ki, rayon ərazisində küləkli və qarlı hava davam edir./report/

Günay Cəfərova

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı