2016-11-29 16:15

“Azərcell” prezidenti qiymətlər haqqında açıqlama verdi

“İşiğın qiymətinin artması xərclərimizi artıracaq”.

"İşiğın qiymətinin artması xərclərimizi artıracaq”. 

LiderXeber.az xəbər verir ki, bu sözləri "Azercell Telecom” şirkətinin prezidenti Vahid Mürsəliyev jurnalistlərə açıqlamasında deyib. 

Onun sözlərinə görə, şirkətin xərclərinin artması abunəçilərə göstərilən xidmətin qiymətinə təsir etməyəcək.

"Dünyada baş verən iqtisadi geriliyə, tənəzzülə, inkişafa biz də cəmiyyət olaraq müvafiq reaksiya veririk. "Azercell” də Azərbaycanda fəaliyyət göstərən bir şirkətdir, istənilən dəyişiklik bizə təsir edir. Devalvasiyadan sonra "Azercell”in xərcləri artıb. Xərclərin artmasına baxmayaraq, şirkət onu idarə etməyə çalışır.

İstənilən biznesin uğurlu olması üçün xərclərin düzgün idarə edilməsi, nəzarət edilməsi vacibdir”, - deyə şirkətin prezidenti sözlərinə əlavə edib. 

Qeyd edək ki, dünən Tarif Şurası təbii qazın və elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə qərar verib. Elektrik enerjisinin aylıq istehlak həcminin 250 kVts-a qədər olan hissəsi köhnə tariflə - yəni 7 qəpik, aylıq istehlak həcminin 250 kVts-dan çox olan hissəsi isə 11 qəpiklə hesablanacaq.

Qeyri-əhali üçünsə elektrik enerjisinin tarifi 9 qəpik olub. Qazın illik istehlak həcminin 1500 m3-dək olan hissəsi üçün köhnə tariflə - 100 manat, istehlak həcmi 1500 m3-dən çox olan hissəsi isə 200 manat müəyyən edilib.

Həcmi 1500 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılıb, illik istehlak həcminin 1500 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilib.

Günay Cəfərova

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı