2016-11-25 15:06

Zakir Həsənov Qətər səfiri ilə görüşdü

Noyabrın 25-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Qətər Dövlətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Yusif bin Həsən Əl-Saai ilə görüşüb.

Müdafiə Nazirliyindən LiderXeber.az-a verilən məlumata görə, səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edən nazir ona Azərbaycan ilə Qətər arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində uğurlar arzulayıb.

Azərbaycan-Qətər münasibətlərinin genişləndirilməsində ölkə rəhbərlərinin səylərini xüsusi vurğulayan nazir ölkələrimiz arasında hərbi sahədə də əlaqələrin uğurla inkişaf etdiyini deyib.

Diplomat isə öz növbəsində dost və qardaş olan Azərbaycanda səfir kimi fəaliyyətə başlamasından məmnun olduğunu, ölkələrimiz arasında əlaqələrin, xüsusilə hərbi sahədə əməkdaşlığın inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

Görüşdə ölkələrimiz arasında mövcud əlaqələr, o cümlədən hərbi sahədə əməkdaşlığın perspektivləri, regional təhlükəsizlik, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

Səbuhi Vaqifoğlu

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı