2016-10-29 10:27

Hüseyn Cavidi sevib islam və hicabla düşmənçilik edənlərə ithafən...

İndi hicab olsa olsa, olsa, olsa, əziz, bir şeyə mane ola bilər, onu da yazmağı özümə yaraşdırmıram.

Böyük şairimiz Hüseyn Cavidi yad edirik, liberalı, mühafizəkarı, dindarı, ateisti... fərq etməz, hamımız sevirik o ülvi dühanı, və nə yaxşı ki sevirik! Fəqət, varmı xəbərimiz, nə yazıb, nə deyib o insan? Bugünkü bəzi əziz yazıçılarımız bilsəydi ki, Cavid həm də zamanının İslam təəssübkeşi idi, yəqin ona da hansısa bir yarlıq yapışdırmış olardılar, lakin narahat olmasınlar, məhz bu kimi yüksək insani və yazıçı keyfiyyətləri üçün qara qüvvələr ona yarlıq da yapışdırdılar, öldürdülər də.
 
İddiamın aydın olması üçün onun sadəcə "Peyğəmbər" adlı pyesini oxumaq kifayət edər. Çox rəvan, qəşəng, oxunaqlı bir əsərdi. Pyes "Bisət”, "Dəvət”, "Hicrət”, "Nüsrət” adlanan dörd pərdəyə bölünüb, Məhəmməd Peyğəmbərin (s) rəsul kimi seçilməsi anından başlayaraq ta İslamın qələbə çalması, yayılması və genişlənməsi dövrünə qədərki mərhələlərini əhatə edir.
 
Filologiya üzrə fəlsəfə doktoru K.Nəhmətova adı çəkilən pyes haqda belə yazır:
 
"Pyesdə İslam tarixinin xronologiyasının izlənilməsi, yüksək romantika, idealların əks etdirilməsi Hüseyn Cavidin müəllif mövqeyinin açıq ifadəsidir. Hüseyn Cavid mövzuya İslam təəssübkeşi (!!!) kimi yanaşmış, Azərbaycanın milli-mənəvi inkişaf tarixinin məcrasının dəyişdirildiyi bir məqamda bu əsəri qələmə alması ilə dəyərlərin qorunub saxlanılmasına təşəbbüs göstərmişdir".
 
Oxusanız, görəcəksiniz ki, indilərdə bizim "oxumuşlar" tərəfindən İslam dininə edilən guya sarsıdıcı iradlara dahi Cavid bu pyesdə elə obrazların diliyləcə toxunmuş da cavablandırmış da.
 
Yazıçının böyüklüyü həm də ondadır ki, hər şeyə estetik yanaşmağı bacarır - elə Allaha da, dinə də, gündəmi zəbt edən hicab-çarşab mövzusuna da. "Filanfilanşüdəliyə" belə estetik yanaşmağı bacaran bəzi müasir yazıçılarımız nədən axı hicab məsələsinə gələndə bu bacarıqlarını itirir. (?) Amma baxın, romantizmin dühası sayılan başı bəlalı Cavidimizinsə "hicab estetikası" da heyrətamizdir. "Pənbə çarşab" şerində kişi əməllicə qovga edib:
 
Pəmbə, şəffaf, ipəkli bir çarşaf,
Lərzişi-səfvətilə hər saət;
Bu təsəttür nasıl da cazibədar!
Bunda pək incə bir lətafət var.
Sanki bir nеvşükuftə gül fidanın
Pəmbə tüllər ihatə qılmışdır.
Ya ki bir kеvkəbi-dirəxşanın
Üstünü həp şəfəqlər almışdır.
 
Bən açıq şе’rdən də həzz еdərim,
Fəqət ən gizli şе’ri pək sеvərim.
 
Açaraq sivrilir çoq afətlər,
Saf və azadə sanki bir zanbaq...
Sən əmin ol ki, еy şükufеyi-tər,
Gülə pək başqa fər vеrir yapraq!
 
Bəli, bir xanım yazıçının dediyi kimi, biz zamanında çarşabı atdıq, hətta tulladıq, amma hansı çarşabı? Geriliyin simvoluna çevrilmiş, təhsilə, elmə, tərəqqiyə mane olan çarşabı tulladıq biz, gərçi mane - çarşab deyildi, çürük təfəkkür idi, amma biz yenə də eşşəyə gücümüz çatmadı deyə, palanı döyəclədik, çəkib atdıq çarşabı, olsun, amma axı indiki hicab bu sadaladıqlarımızın heç birinə mane deyil, bəs bu təlaş nə? Axı hicablı xanımların nələrə qadir olduğunu, hansı başın, hansı savadın yiyəsi olduğunu tez-tez, hətta dünya arenasında da müşahidə edirik, bəs bu dava nəyin davası?
 
İndi hicab olsa olsa, olsa, olsa, əziz, bir şeyə mane ola bilər, onu da yazmağı özümə yaraşdırmıram./islaminsesi/

İlqar Kamil

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı