2016-10-03 13:59

Eldar Əzizovla Zakir Fərəcovun fərqi - Sumqayıtlı jurnalistlər

"Zakir Fərəcov əvvəlki icra başçılarından fərqli olaraq camaatın istirahətinə böyük önəm verir".

Zakir Fərəcovun icra başçısı təyin olunmasından sonra prezident İlham Əliyev ilk dəfə Sumqayıta səfər etdi. Sentyabrın 27-də baş tutan səfər zamanı bir neçə obyektin açılışı oldu,  şəhər nümayəndələri ilə görüşlər keçirildi.

LiderXeber.az xəbər verir ki, modern.az saytı Sumqayıtda yaşayan jurnalistərin yeni icra başçısı Zakir Fərəcov haqda fikirlərini öyrənib və onun  sələfi Eldar Əzizovdan hansı idarəetmə xüsusiyyətləri ilə fərqləndiyini soruşub.

Azvision.az-ın müxbiri Anar Kəlbiyev deyir ki, bundan öncəki icra başçısı Eldar Əzizovdan fərqli olaraq, hazırki başçısı Zakir Fərəcovun Sumqayıtda gördüyü işlər çoxdur.
 
"Yeni icra başçısının dönəmində bir çox yerdə binalara dam örtüyü vuruldu və müəyyən qədər təmir olundu. Həmçinin yeni Dənizkənarı bulvar salındı. Zakir Fərəcov Sumqayıta bələd insandı. O, uzun illər Sumqayıt şəhərində müxtəlif vəzifələrdə çalışıb. Bu baxımdan Fərəcov Sumqayıtı yaxşı tanıyır. Bir əlavə də edim ki, əsas məsələlərdən biri də iş yerləridir. Yaxşı olardı ki, icra başçısı yeni iş yerlərinin açılması istiqamətində də müəyyən işlər  aparsın”.

Digər sumqayıtllı  jurnalist Natiq Cavadlı deyir ki, bu şəhərin icra başçısı sarıdan bəxti gətirmir:

"Sumqayıtın  icra başçıları məsələsində bəxti heç gətirməyib. 1998-ci ildə təyin olunan Təvəkkül Məmmədov yerli adam olsa da, yarıtmaz fəaliyyəti nəticəsində mərhum eks-prezident  Heydər Əliyev onu narkoman adıyla işdən azad etdi. Yəqin ki, Sumqayıtda keçirilmiş 3 aprel 2003-cü il tarixli müşavirəni xatırlayanlar az deyil, həmin tədbirdə yerli məmurlar - "AzərKimya" Dövlət Şirkətinin prezidenti Fikrət Sadıqov, deputatlar Xıdır Aloyev və Tofiq Hüseynovun icra başçısı Təvəkkül Məmmədovun üzünə necə durmaları biabırcı mənzərəydi. 

Daha sonra Təvəkkül Məmmədovu əvəz edən mədəniyyət və turizm nazirinin müavini Vaqif Əliyev (hazırda həmin vəzifədədir) isə şəhəri tanımırdı. Bu icra başçısı sumqayıtlıların yaddaşında "Xətkeş Vaqif" ayamasıyla qaldı, çünki Sumqayıtda boş yer qalmamışdı, hamısı satılmışdı. 

Eldar Əzizova gəldikdə, o, gəncəlilərin yaddaşında necə qalmışdısa, sumqayıtlılarda da həmin təəssüratı formalaşdırdı. Eldar Əzizov tort bişirtdirməyi, ticarət obyektlərini alkoponlaşdırmağı, bardürləri dəyişdirməsiylə "yeniliklər"ə imza atdı. Baxmayaraq ki, Vaqif Əliyev və Eldar Əzizovun rəhbərlik etdiyi dövr böyük neft pullarının axını illərinə təsadüf etdi, amma şəhərdə əsaslı istehsalat obyektləri yaradılmadı. Nəticədə sumqayıtlıların 65-70 faizi iş ardınca paytaxta gedməkdə davam edirdi, qalanı isə Rusiya, Türkiyə bazarlarında çörək qazanırdı. Vəziyyət dəyişmədi. Sumqayıt ağır sənaye şəhəri olub, anlayıram, SSRİ-nin dağılmasıyla postsovet məkanındakı iqtisadi əlaqələr qırıldı, amma yeni texnologiya gətirmək üçün hökumət mühim addımlar da atmadı”.

Zakir Fərəcova gəlincə Natiq Cavadlı onu yerli adam adlandıraraq bildirib ki, yeni icra başçısı AXC dövründə şəhər təsərrüfatına və sonralar bələdiyyəyə rəhbərlik edib.

"Zakir Fərəcov əvvəlki rəhbərlərdən Sumqayıtı daha yaxşı tanıyır və problemlərinə əhatəli şəkildə bələddir. Ancaq maraqlıdır ki, bələdiyyə sədri olduğu zaman imzasıyla sahibkarlara verdiyi ərazilərdən şikayətlər gəlir. Yəni bəzi sahiblarlar obyektlərinin söküldüyünü bildirirlər.  Yaxud onun icra başçısı təyin olunduqdan sonra keçirdiyi ilk müşavirədə təhsilin bərbad durumda olduğunu vurğulaması anlaşılmazdır. Çünki rəhbərlik etdiyi əvvəlki rayonda – Abşeronda təhsil daha ağır vəziyyətdədir və Sumqayıtdan dəfələrlə geri qalır. 

Ümumiyyətlə, Zakir Fərəcovun həmin çıxışı daha diqqətlə araşdırılsaydı, onda gərək əvvəlki icra başçısı Eldar Əzizov haqqında cinayət işi açılaydı”.
 
Sumqayıt Bələdiyyəsinin mətbuat katibi Vüsal Məmmədov deyib ki, Sumqayıtda son 1 ili nəinki ondan öncəki 5 illə, ümumilikdə son 20 illə müqayisə etmək olar.

"Zakir Fərəcovun başçı olduğu dövrdə Sumqayıtda yanaşma prinsipi dəyişib, görülən işlərdə ciddi keyfiyyət dəyişikliyi hiss olunur, görülən işlər kosmetik xarakter daşımır. Eyni zamanda,  işlərin həcmi və seqmenti şaxələnib. Şəhərin girişində görülən işlər, nəhəng bulvarın yaradılması, möhtəşəm Heydər Əliyev Mərkəzinin, şahmat və uşaq incəsənət məktəblərinin tikintisi, kommunal problemlərin həlli, 48 bağçanın təmiri, məhəllədaxili yolların təmiri və s - bütün bu işlər bir il ərzində reallaşdırılıb. Prezident İlham Əliyev Sumqayıt bulvarını "möcüzə" adlandırdı. Bu, görülən işlərə verilmiş ən real qiymət idi. Doğrudur, şəhərdə bu gün də problemlər var, ancaq əsas məsələ odur ki, bu problemlər aydındır, şəhər rəhbərliyi onları görür və həlli istiqamətində çalışır. Məsələn, bütün sumqayıtlıları bağçalardakı sıxlıq narahat edir. Zakir Fərəcov dövlət başçısının qarşısında çıxış edərkən bu problemə toxunaraq söz verdi ki, şəhərdə 10 yeni bağça binası tikiləcək. Həqiqətən də bu da olduqca ciddi sosial layihədir”.
 
İnterAz-ın xüsusi müxbiri Səbuhi Vaqifoğlu bildirib ki, Zakir Fərəcov əvvəlki icra başçılarından fərqli olaraq camaatın istirahətinə böyük önəm verir.

"Buna misal olaraq Nəsimi parkı, Sumqayıt Dənizkənarı bulvarını göstərmək olar. Sumqayıtın keçmiş icra başçısı Eldar Əzizovun vaxtında İcra Hakimiyyətinin qarşısındakı yol bağlanmışdı. Amma ondan fərqli olaraq Zakir Fərəcov həmin yolu açdırdı və bərpa etdirdi. Bildiyimiz kimi, əvvəl Sumqayıt İcra Hakimiyyətinin binası yaşıllıqla örtülmüşdü. Amma Eldar Əzizov icra başçısı olanda o yaşıllığı ləğv etdirdi. Zakir Fərəcov icra başçısı təyin olunduqdan sonra həmin binanın qarşısında ənənəyə uyğun olaraq sarmaşıqlar əkdirməyə başladı”.

Aylin Vəliyeva

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı