2016-10-03 11:01

Onların məktəb həyatı başladı

Məktəbəhazırlıq qruplarında tədrisə başlanıldı.

Oktyabrın 3-də ümumi təhsil məktəblərində 5 yaşlı uşaqların məktəbəhazırlıq təhsilinə başlanılıb.

LiderXeber.az Nazirliyin saytına istinadən xəbər verir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 iyul tarixli qərarına əsasən, dövlət ümumi təhsil məktəblərində yaradılmış məktəbəhazırlıq qruplarına 5 yaşı həmin il tamam olmuş uşaqlar qəbul olunublar.

Dövlət hesabına aparılan məktəbəhazırlıq qrupları ölkənin bütün şəhər və rayonlarında fəaliyyət göstərir. Məktəbəhazırlıq qruplarında məşğələlər yalnız ibtidai sinif müəllimi ixtisaslı və müəyyən iş təcrübəsinə malik müəllim tərəfindən aparılacaq.

2016-2017-ci dərs ilinə aid tədris planına əsasən, məşğələlər həftədə 4 gün(12 saat) keçiriləcək. Bu qruplara bir gün ərzində 3 məşğələ tədris olunacaq. Bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqə müəyyən edilib.

Məktəbəhazırlıq qruplarında Ətraf aləmlə tanışlıq, Savad təliminə hazırlıq və nitq inkişafı, Bədii təfəkkürün inkişafı, Məntiqi və riyazi təfəkkürün inkişafı, Təsviri fəaliyyət, Musiqi və Fiziki mədəniyyət dərs məşğələləri tədris ediləcək.

Qruplarda dərs ili iki yarımilə bölünəcək və məşğələlər mayın 31-də başa çatacaq.

Günay Cəfərova

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı