2016-09-27 16:50

Dekabrın 1-dən analoq yayımı dayandırılacaq

Azərbaycanda rəqəmli TV yayımının tətbiqinə 2004-cü ildən başlanılıb.

Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib.

MTRŞ-dan LiderXeber.az-a verilən məlumata görə, rəqəmli yayıma keçidlə bağlı mövcud vəziyyət müzakirə olunub. İclasda prezidentinin 20 sentyabr 2016-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 5.1.7-ci bəndinə uyğun olaraq Bakı və Abşeron yarımadasında yerüstü yayımlanan ümumölkə TV proqramlarının analoq yayımının 1 noyabr 2016-cı il tarixdən, respublikanın digər bölgələrində yayımlanan TV proqramlarının yerüstü analoq yayımının 1 dekabr 2016-cı il tarixdən etibarən dayandırılması barədə qərar qəbul edilib.

Azərbaycan Respublikası ərazisində yerüstü yayımlanan TV proqramlarının analoq TV qəbulediciləri ilə izlənilməsi üçün DVB-T standartına uyğun olan dekoderlərin ("Set-Top-Box”-ların) istifadəsi ilə bağlı maarifləndirmə tədbirlərinin aparılması teleradio yayımçılarına və digər müvafiq qurumlara, eyni zamada Azərbaycan Respublikasında fəaliyyət göstərən sahibkarlara DVB-T standartına uyğun olan dekoderlərin ("Set-Top-Box”-ların) satışının təşkilinin təmin edilməsi tövsiyə edilib.

MTRŞ bununla əlaqədar vətəndaşlara da müraciət edib. Müraciətdə deyilir:

"Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının 27 sentyabr 2016-cı il tarixli 10 saylı qərarına uyğun olaraq 1 noyabr 2016-cı il tarixdən Bakı şəhəri və Abşeron yarımadasında analoq TV yayımı dayandırılacaq. Növbəti mərhələdə – 1 dekabr 2016-cı il tarixdən digər bölgələrdə də analoq TV yayımının dayandırılması həyata keçiriləcək. Televiziya tamaşaçılarından mövcud analoq TV qəbulediciləri vasitəsilə rəqəmli TV yayımının izlənməsi üçün tələb olunan zəruri avadanlığın - dekoderlərin ("Set-Top-Box”-ların) əldə olunması xahiş olunur".

Qeyd edək ki, Azərbaycanda rəqəmli TV yayımının tətbiqinə 2004-cü ildən başlanılıb.

Səbuhi Vaqifoğlu

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı