2016-09-22 11:51

Kredit borcları bağışlanacaqmı? - Ekspertdən açıqlama

Son günlər kredit borclarının bağışlanacağı ilə bağlı xəbərlər yenidən ictimai müzakirələrin gündəmindədir.

Son günlər kredit borclarının bağışlanacağı ilə bağlı xəbərlər yenidən ictimai müzakirələrin gündəmindədir.

LiderXeber.az xəbər verir ki, iqtisadçı ekspert Vüqar Bayramov sözügedən mövzunu şərh edib. O,bunun real olub-olmamağıyla əlaqədar edilən müraciətləri nəzərə alaraq, 3 sualı cavablandırmağın zəruriliyini vurğulayıb: "Kredit borcları bağışlana bilərmi? Bununla bağlı rəsmi qərarın olması ehtimalları yüksəkdirmi? Bu olarsa hansı formada maliyyələşdirilə bilər?"

V.Bayramov bildirib ki, birinci suala gəldikdə, nəzəri və praktik baxımdan müəyyən kredit borclarının bağışlanması mümkündür: "Təbii ki, söhbət heç də bütün borcların bağışlanmasından getmir. Hələ birinci və eləcə də sonuncu devalvasiyadan sonra hazırladığım təkliflər paketində 3 növ kredit güzəşti təklif etmişdim:
1) Kredit portfelinin yenidən qiymətləndirilməsi aparılsın və ailə başçısını itirən, işləmək qabiliyyətindən mərhum olan və eləcə də dünyasını dəyişən şəxslərə kredit amnistiyası tətbiq edilsin;
2) 5 min dollaradək olan kreditlərdə ödəniş məzənnəsi 1 dollar 1.05 manat kursu ilə hesablansın;
3) 5 min dollardan çox və 10 min dollardan az olan kreditlər üçün ikinci devalvasiya nəticəsində yaranan fərq üç tərəfli olaraq dövlət, bank və müştəri arasında bölüşdürülsün".

Ekspert qeyd edib ki, birmənalı şəkildə, təklif edilən mexanizm üzrə kreditlərə güzəştin verilməsi yalnız vətəndaşlar üçün deyil, eləcə də banklar üçün vacibdir. Bayramovun sözlərinə görə, bu, problemli kreditlərin həcminin azalmasına və bankların sağlamlaşdırılmasına yardım etmiş olar.
İkinci suala gəldikdə isə iqtisadçı bildirib ki, kredit güzəşti və ya amnistiyası ilə bağlı qərarın olub-olmayacağına, yəni təkliflərin nəzərə alınma ehtimalına gəldikdə isə bu dövlət qurumlarının səlahiyyətində olduğu üçün nə isə demək çətindir: "Bu daha çox Mərkəzi Bankla Maliyyə Nazirliyinin anlaşmasından asılı olacaq. Maliyyə Bazarlarında Nəzarət Palatası heç şübhəsiz bu iki qurumun anlaşmasını dəstəkləyəcək. Ona görə də, sözügedən maliyyə-kredit qurumları məhz bu məsələ ilə bağlı qərar vermək səlahiyyətinə malik olduqlar üçün hansı qərarın olacağı ilə proqnoz vermək mümkün deyil".

Vüqar Bayramov güman edir ki, kreditlərə güzəştin verilməsi ilə bağlı maliyyə imkanları var. O, problemli aktivlərin və eləcə də kreditlərin sağlamlaşdırılması proqramı qəbul etməklə bunu reallaşdırmağın mümkünlüyünü vurğulayıb: "Bu zaman kreditlər güzəştlərin tətbiq edilməsi və eləcə də sağlamlaşdırma tədbirləri mərhələli şəkildə həyata keçirildiyi üçün Mərkəzi Bank üçün ciddi əlavə maliyyə öhədliyi yaratmayacaq".

Günay Cəfərova

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı