2016-09-20 13:55

Azərbaycanda həkimlərə qadağa qoyulur - Açıqlama

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Bu gün Milli Məclisin Səhiyyə Komitəsinin iclasında "Dərman vasitələri haqqında” qanuna ediləcək əlavələr müzakirəyə çıxarılıb.

LiderXeber.az xəbər verir ki, layihə barədə məlumat verən komitə sədri Əhliman Əmiraslanov bildirilib ki, qanuna 14-1 maddəsi əlavə olunur.

Əlavəyə əsasən, bioloji fəallığa malik qida əlavələri orqanizmin gücləndirilməsi, qidanın zənginləşdirilməsi məqsədi ilə həkim tərəfindən tövsiyə oluna bilər, lakin xəstəliklərin qarşısının alınması və ya müalicəsi məqsədilə təyin olunan dərman vasitələrini əvəz etmir. Bioloji fəallığa malik qida əlavələrinin həkim reseptinə yazılması qadağandır.

Layihəyədə qeyd edilir ki, bioloji fəallığa malik qida əlavələri dərman vasitəsi ilə eyni tərkibli ola bilməz. Bioloji fəallığa malik qida əlavələrinin dərman vasitələri ilə eyni təkibli olub-olmaması müəyyən etmək məqsədilə bioloji fəallığa malik qida əlavələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən ekspertizadan keçirilir. Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Bioloji fəallığa malik qida əlavələrinin üzərində və onların istifadəsi təlimatlarında (içlik vərəqələrində) aydın, seçilən, qalın hərflərlə, silinməsi mümkün olmayan tərzdə çap olunmuş "dərman vasitəsi deyildir” yazılmalıdır. 

Bioloji fəallığa malik qida əlavələrinin satışı aptek təşkilatılarında, ərzaq mağazalarında və bu məqsədlər üçün təşkil olunmuş xüsusi köşklərdə sanitar-gigiyenik tələblərə əməl edilməklə həyata keçirilir.

Qeyd edək ki, bioloji fəallığa malik qida əlavələri qida rasionunu zənginləşdirmək məqsədi ilə bitki, heyvan, mineral mənşəli və ya kimyəvi yolla alınmış bioaktiv maddələr və onların komplekslərinin farmasevtik formada hazırlanaraq gündəlik qəbuletmə dozası müəyyənləşdirilmiş məhsullar hesab edilir.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub./azvision/

Günay Cəfərova

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı