2016-09-02 11:04

Qubada təbii fəlakət: 7 kəndlə əlaqə kəsildi

Hazırda rayona dəyən ziyanın araşdırılması və fəsadların aradan qaldırılması istiqmaətində işlər davam edir.

Dünən yağan güclü yağış Quba rayonunda fəsadlara səbəb olub. Rayonla 7 kəndin əlaqəsi kəsilib.

LiderXeber.az-ın xəbərinə görə, Quba rayon İcra Hakimiyyətinin İnformasiya təminati və təhlil sektorunun müdiri Cəfər Cəfərov AzVision.az-a bildirib ki, güclü yağış nəticəsində sel Quba-Xınalıq yolunun 29-cu km-də körpünü yuyub aparıb. 

"Xınalıq yolunun Qırız Dəhnə kəndi hissəsinə sel palçıq gətirib, yol hazırda bağlıdır və orada ağır texnika işləyir. Selin yaratdığı fəsadlar nəticəsində Xınalıqda elektrik enerjisi kəsilib.

Qudyalçay Qırmızı qəsəbə ilə Qubanı birləşdirən körpünün dayaqlarını yuyub, amma körpü salamatdır, işlək vəziyyətdədir. Hal-hazırda orada suyun vəziyyəti azalmayıb.

Vəlvələ çayda suyun çıxalması nəticəsində Qonaqkənd zonasında bir sıra çay kənarında olan təsərrüfatlara ziyan dəyib. Qonaqkəndə yalnız ağır texnikalar çayın içərisindən keçə bilər, kəndlə əlaqə məhduddur. Kənddə axşam işıq kəsilsə də səhər saatlarından bərpa edilib”. 

C.Cəfərovun sözlərinə görə güclü yağışın yaratdığı sel nəticəsində evlərə ziyan dəyməyib: "Evlərə ziyan dəyməyib. Yalnız Qudyalçayda çay kənarında yerləşən turizm obyektlərinin koteclərinə ziyan dəyib”. 

Quba rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafin təhlili və proqnozlaşdırılmasi şöbəsinin müdiri Faiq Şəfiyev isə bildirib ki, Qudyalçayda suyun səviyyəsinin artması nəticəsində çayın içərisindən keçən qaz boruları zədələnib. Nəticədə Qırmızı qəsəbədə 600 evə, Vladimovka, Vəlvələdə 700 evə gedən qaz xətti qırılıb. Eləcədə, çayın içərisindən keçən kanalizasiya boruları da qəzalı vəziyyətə düşüb”.

Hazırda rayona dəyən ziyanın araşdırılması və fəsadların aradan qaldırılması istiqmaətində işlər davam edir.

Günay Cəfərova

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı