2016-08-18 10:04

Azərbaycanda benzin ucuzlaşacaq? - Rəsmi Açıqlama

2 aylıq güzəşt müddəti xərclərin monitorinqi və eləcə də qiymətin dəyişməsi üçün kifayət deyildir.

Nazirlər Kabinetinin ötən gün "Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 19 yanvar tarixli 20 nömrəli qərarında etdiyi dəyişiklik müzakirə mövzusudur. 

LiderXeber.az iqtisadçı Vüqar Bayramovun benzinin ucuzlaşacağı ehtimalı ilə bağlı şərhini təqdim edir: "Deməli, ölkəyə daha aşağı xərclə Aİ 92 markalı və ya oxşar benzin gətiriləcək. İkincisi, Aİ 92 markalı benzinin qiyməti Tarif Şurası tərəfindən tənizmləndiyi üçün bu qiymətə bazarın təsir imkanları məhduddur.

Bununla yanaşı, əgər bu güzəştlərdən sonra ölkəyə idxal edilən Aİ 92 və ya oxşar markalı benzinin xərcində kəskin azalma olarsa o zaman şura tərəfindən qiymətlərə baxılıb benzinin qiymətinin aşağı salınması müzakirə edilə bilər.

Dəyişikliyə əsasən, 92 oktanlı benzin üçün gömrük rüsumu 15%-dən 0%-ə endirildiyini də nəzərə alsaq bu zaman xərc müşahidələrinə ehtiyac yaranacaq. Amma bu halda güzəşt müddətinin uzadılması da əsas şərtdir. Aydındır ki, 2 aylıq güzəşt müddəti xərclərin monitorinqi və eləcə də qiymətin dəyişməsi üçün kifayət deyildir.

İdxal edilən benzinin daxili istehlak qiymətinin aşağı salınması üçün həm güzəşt dairəsinin genişləndirilməsinə, həm də güzəşt müddətinin ən azı 1 illik dövrü əhatə etməsinə ehtiyac var. Üçüncüsü, güzəştlər çox qısa müddəti, yalnız 2 ayı əhatə etməsi də diqqəti cəlb edəndir.

Güman olunur ki, bu qərar yerli benzin istehsalı həyata keçirən Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda təmir- yenidənqurma işlərinin aparılması ilə bağlıdır. Belə ki, yerli istehsalın azalmasının tələbə təsir etməməsi üçün növbəti 2 ayda idxalda güzəştlər tətbiq ediləcək. Bu zaman istehlakçılara yalnız yerli deyil, eyni zamanda oxşar markalı xarici benzin də təklif ediləcək. Belə görsənir ki, 2 ay müddətinin seçilməsi də onunla bağlıdır ki, həmin müddətdə istehsalın əvvəlki səviyyəyə qayıtması proqnozlaşdırılır. Bundan sonra bu idxal ilə bağlı güzəştlər ləğv ediləcək”.

Aylin Vəliyeva

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı