2016-08-10 16:53

Prezident İlham Əliyev Qəbələdə səfərdədir

Prezident Qəbələdə.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 10-da Qəbələ rayonuna səfərə gedib.
 
LiderXeber.az xəbər verir ki, dövlət başçısı əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin Qəbələ şəhərinin mərkəzindəki abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
 
Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev abidənin ətrafında, ümumiyyətlə, son illər rayonda görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verib.
 
Prezident İlham Əliyev avqustun 10-da Yeni Azərbaycan Partiyası Qəbələ rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak edib.
 
Dövlət başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi, burada yaradılan şəraitlə tanış olub.
 
Məlumat verilib ki, binanın inşasına 2014-cü ilin oktyabrında başlanılıb. Tikinti işləri yüksək səviyyədə başa çatdırılıb.
 
İkimərtəbəli binada ümummilli lider Heydər Əliyevin büstü qoyulub, Ulu Öndərin və partiyanın sədri, Prezident İlham Əliyevin fəaliyyətini əks etdirən fotoguşələr yaradılıb.
 
Müxtəlif iş, xidməti və yardımçı otaqlardan ibarət binada rayon təşkilatının Qadınlar Şurası və Gənclər Birliyi də fəaliyyət göstərir. Burada müxtəlif tədbirlərin keçirilməsi üçün 60 yerlik konfrans zalı da yaradılıb.
 
Yeni Azərbaycan Partiyası Qəbələ rayon təşkilatının 6145 üzvü var. Onların 2525-i qadın, 2343-ü gəncdir.
 
Prezident İlham Əliyev Qəbələdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan uşaq bağçasının açılışında iştirak edib.
 
Dövlət başçısı uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsib.
 
Məlumat verildi ki, Qəbələ rayonunda 24 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Həmin müəssisələrdə 860 uşaq təhsil alır. Rayonun tələbatını nəzərə alaraq Heydər Əliyev Fondunun təşəbbüsü ilə 100 yerlik daha bir yeni məktəbəqədər təhsil müəssisəsi inşa olunub.
 
Sahəsi 3300 kvadratmetr olan ikimərtəbəli binada ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin həyat və fəaliyyətlərini, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın uşaqlara diqqət və qayğısını əks etdirən fotolardan ibarət guşələr yaradılıb. Qrup otaqlarında uşaqların təlim-tərbiyəsi, yataq otaqlarında isə balacaların rahatlığı üçün hər cür şərait var. Bağçada əyləncə, idman və oyun zonası, musiqi otağı, digər təlim və tədris məkanları da yaradılıb. Bağçanın ətrafındakı yaşıllıq zolağı, əyləncə meydançası və attraksionlar da uşaqların çox xoşuna gəlir.

Səbuhi Vaqifoğlu

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı