2016-07-13 12:53

Başa çatdırmalı olduğumuz işdən niyə qaçırıq, yaxud təxirə salırıq? - psixoloq araşdırması

Təxirə salmaq davranışı...

Təxirə salmaq, başa çatdırmalı olduğumuz hər hansı işdən qaçmaqdır.

LiderXeber.az psixoloq Nərgiz Qaravəliyevanın araşdırmasını sizlərə təqdim edir:

"Son zamanlar insanlar təxirə salmaq davranışı nəticəsində işlərini zamanında başa çatdırmamaqdan bunun nəticəsində yaşadıqları stress və depressiv hisslər daxil neqativ hallardan tez-tez bəhs edirlər.Təbii bu problem zamanı idarə etmək daxil bir çox şeylərə böyük maneədir. Gəlin birlikdə nəzər salaq nədir bu təxirə salmaq davranışı ? Təxirə salmaq davranışının ortaya çıxmaq səbəbləri və ən əsası bununla necə mübarizə apara bilərik?

Təxirə salmaq, başa çatdırmalı olduğumuz hər hansı işdən qaçmaqdır. Bunun nəticəsində də özümüzü çox vaxt günahkar, tənbəl, bacarıqsız və narahat hiss edirik. Təbii olaraq bütün bu hisslər işdə motivasiyamıza, məhsuldarlığımıza, işin keyfiyyətinə ciddi təsir edir.

Təxirə salmaq davranışının səbəbləri:

Ailədə böyüdülmə tərzi: Uşaqlar təxirə salmaq davranışını körpəlikdən öz ata-analarından model alaraq öyrənə bilir. Bu davranış adətən həddindən artıq disiplinsiz ailə mühitində böyüdülən uşaqlarda rast gəlinir. Amma avtaritar ( qoruyucu tip) ailələrdə böyüyən uşaqlarda öz məsuliyyətlərini dərk etmək, özləri özlərini qaydaya salmaq davranışları inkişaf etmədiyi üçün təxirə salmaq davranışlarına tez-tez rast gəlinir. Qeyd: Özünüzə artıq bir şey edə bilməzsiniz amma gələcək uşaqlarınızı bunları nəzərə alaraq böyüdə bilərsiniz.

Şəxsi keyfiyyətlər: Tədqiqatlar nəticəsində xroniki təxirə salmaq davranışının depressiya, günahkarlıq hissi, özünə inamın aşağı olması, müxtəlif səbəblərdən əmələ gələn narahatlıqlar, koqnitiv problem-ziddiyyətli düşüncələr ilə əlaqəli olduğu göstərilmişdir. Keçmişdə yaşayan, keçmişə bağlı insanlarda həmçinin Bu Günü yaşamağı unudub ancaq gələcəyi düşünən insanlarda da tez-tez rast gəlinən davranışdır. Keçmişdə yaşamağı biraz açsaq keçmiş uğursuzluqlarına bağlı daim onları düşünən insan bir müddət sonra bu günü yaşamağı unudur, özünü keçmiş səhvlərinə görə günahlandırır hətta daha da irəli gedib həyatında heç bir şeyə nail olmayacağına özünü inandırır. Zamanın necə keçdiyi hiss eləmir, özünə gələndə artıq əsas işləri başa çatdırmadığını görüb buna görə də günahkarlıq hissi keçirir. Bu tərz neqativ hisslər və düşüncələr təbii olaraq ən son depressiyaya gətirib çıxarır. Eləcə də daim gələcəyi düşünən insan oturur saatlarla gələcəklə bağlı xəyallar qurur. Bütün işlərə başlamamışdan əvvəl xəyal etmək, onu və lazımlı detalları gözü önündə canlandırmaq ilkin şərtdir. Daha sonra bütün bunları real şəkildə planlayıb işə başlamaq lazımdır. Lakin "gələcəkdə yaşayan insan" hər zaman "xəyal qurmaq" mərhələsində qalır. Xəyal qurmaqdan plan qurub iş görməyə macal tapmır. Belə insanlara iş stollarının üzərinə, divara bu ifadələri yazıb yapışdırmaq hər zaman başlarını qaldırıb oxuyanda faydalı ola bilər : Gələcəyin təməli məhz Bu Gün qoyulur. Bu Gün planlı (planlı çalışmaq metodları ilə) şəkildə çalışıb, Bu Günün işlərini sabaha qoymadan işə başlamaq lazımdır!

Mənasız hesab etmək: Əgər məşğul olduğunuz iş sizə mənasız görünürsə, o işə başlamaq üçün motivasiyanız aşağı ola bilər.

İdealistlik: Əgər real olmayan, əlçatmaz arzularınız var isə işinizlə məşğul olduğunuz zaman cəsarətinizi itirə bilərsiniz.

Qiymətləndirilmək ilə bağlı narahatlıq: Başqalarının, görəcəyiniz işi qiymətləndirməsi sizi həyəcanlandıra bilər və nəticədə işinizi gecikdirə bilərsiniz.

Qeyri-müəyyənlik: Sizi nələrin gözlədiyini bilməməyiniz işə başlamağınıza çətinlik törədə bilər.

Əminliyin olmaması: Əvvəllər heç bir zaman qarşılaşmadığınız bir mövzuda, işdə işləyəcəksinizsə o işdə necə uğurlu olacağınızı bilmirsinizsə həmin işi təxirə sala bilərsiniz.

İşi başa çatdırmaq mövzusunda əskikliklər: Peşəniz, işiniz ilə bağlı kifayət qədər məlumat və bacarıqlara sahib olduğunuzu düşünmürsünüzsə o işdən qaçmağınız normaldır.

Gəlin indi birlikdə təxirə salmaq davranışı ilə bağlı düşüncələrə nəzər salaq.

İşinizi görməməzlikdən gəldiyiniz zaman o iş yoxa çıxacaqmış kimi davranırsınız? İşiniz üçün etməli olduqlarınızı çox sadə və lazımsız və ya o iş üçün lazım olan bacarıqları çox şişirdirsiniz? Misal üçün normalda 6 saata başa çatdırılacaq işi siz 1 saata yekunlaşdıracağınızı düşünürsünüz? Görülməsi vacib olan işi başqa işlə əvəz edib özünüzü aldadırsınız? Yəni bitirilməsi lazım olan proyekti yarımçıq qoyub başqa proyektlə əvəz edirsiniz? İşləri az-az təxirə salmaqla bunun heç kimə zərəri olmayacağı bəs necə? İşi evə aparıb evdə tamam fərqli işlərlə məşğul olursunuz? İşin sadəcə bir qismi ilə maraqlanırsınız ? Alternativlər sizi yorur və bilmirsiniz hansı işdən birinci başlayasınız?

Bəs bütün bunlarla necə mübarizə aparaq?

Rahat olun: Böyük ehtimal görmək istəmədiyiniz işlər üçün narahatlıq keçirməyə, o işləri görməyiniz üçün lazım olan zamandan daha çox vaxt sərf edirsiniz. Bunu daha yaxşı görmək üçün etməli olduğunuz işlərə ayrı-ayrılıqda nə qədər vaxt lazım olduğunuz hesablayın.

Kiçik addımlarla başlayın: Həvəssiz başladığınız işin bir müddət sonra gözlədiyiniz qədər maraqsız olmadığını görəcəksiniz.

Zərərləri hesablayın: A4 kağızına istəmədiyiniz işi görməyin mənfi tərəflərini yazın, sonra da işi təxirə salmağın sizə nə qədər zərər verə biləcəyini hesablayın, yazın.

Neqativ dialoqlar: Özünüzlə, daxili iç səsinizlə apardığınız neqativ düşüncələrə, dialoqlara nəzər salın və bunu dəyişdirməyə çalışın. Neqativ dialoqlara misal olaraq: " Heç bir zaman bu işi başa çatdıra bilməyəcəm", " Heç vaxt insanların qarşısında sərbəst çıxış edə bilməyəcəm" , " Ya bu işi qüsursuz başa çatdıracam ya da heç başlamayacam!"

Peşəniz, işinizlə bağlı bacarıq və biliklərinizi real qiymətləndirin: İdealistlik ( hər şey mükəmməl olmalıdır düşüncəsi) və özünüz barədə yüksək beklentiler (expectations) daxili narahatlığınızı artırıb sizi stressləndirə bilər.

Təxirə salmaq davranışınızın məsuliyyətini dərk edin: Bu dünyada zamanın ən dəyərli hətta pul ilə alınmaz, satılmaz olduğunu xatırlayın. Təxirə salmaq davranışı ilə onu necə boşuna xərclədiyinizi unutmayın. Nəticədə nə qədər zaman itirdiyinizi hesablayın və bunun qarşısını almaq üçün hərəkətə başlayın !

Özünüzü mükafatlandırın: Etmək istəmədiyiniz bir işi tamamladıqdan sonra özünüzü bir hədiyyə ilə mükafatlandırın. Bu qısa müddətli səyahət, çoxdan almağı düşündüyünüz dəyərli bir saat ola bilər.

Qeyd1: Effektli çalışmaq metodları, Zamanın doğru şəkildə idarə olunması, Planlı çalışmaq üsullarına da göz gəzdirə bilərsiniz. Bəlkə məhz bu mövzularda əskikləriniz olduğu üçün təxirə salmaq davranışınız meydana çıxıb!? Daha etibarlı məlumat və yönləndirmək xidməti üçün karyera konsultasiyası ilə məşğul olan mütəxxəssislərdən kömək ala bilərsiniz.

Qeyd2: Şəxsi keyfiyyətləriniz, ruhi vəziyyətinizlə bağlı narahatlıqlarınız varsa, təxirə salmaq davranışına səbəb olan, işdə məhsuldarlığınızı, motivasiyanızı salan depressiv hisslərlə bağlı psixoloqa müraciət etməyiniz vacibdir. Çünki psixoloji pozğunluqlar öz özünə keçmir, zaman keçdikcə xronikləşir və daha da pisləşir.

Səbuhi Vaqifoğlu

LiderXeber.az

SON XƏBƏRLƏR


Yuxarı