2016-06-25 13:03

Psixoloqdan SOS: Bu kimi hallar uşaqları intihara sürükləyə bilər - MÜNASİBƏT

"Bəzən ailələrdə uşaqlarla şəxsiyyət kimi yox, elə uşaq kimi rəftar edirlər".

"Valideynlərin daimi münaqişəsi və boşanma da uşaqlardakı intihara cəhdin səbəblərindən ola bilər".

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq problemləri şöbəsinin böyük məsləhətçisi Pərviz Əliyev mediaya açıqlamasında bildirib ki, bütün illərdə intihar edən uşaqlar arasında oğlanlar üstünlük təşkil edib. Oğlanlar yeniyetmə dövrlərində - 14-15 yaşlarında intihara daha çox cəhd edirlər.

Məsələnin ciddiliyini nəzərə alaraq, ilahiyyatçı-psixoloq Bəhruz Camala müraciət etdik. Onunla məsələnin səbəblərini araşdırdıq. Müsahibimiz LiderXeber.az-a açıqlamasında bildirdi ki, uşaq və yeniyetmələrin intiharı mövzusu təkcə Azərbaycanda deyil, dünyada qloballaşan bir problemdir.

"Ümumiyyətlə, mövzu çox aktual və tükürpədicidir. Dünyada bu problemin genişlənməsi üzücüdür. Bu da ailə instiutlarının tənəzzülə doğru getdiyindən xəbər verir.

Dəfələrlə demişik ki, "pis uşaq olmur, pis tərbiyə edilmiş uşaq olur”. Deməli, əgər uşağın böyüdüyü ailə mühütünün özündə tərbiyə ilə bağlı problemlər olarsa və ailə münaqişəli ailələrdən hesab edilərsə, belə elə bir ailədən cəmiyyətə sağlam fərdin çıxması çətin məsələdir.

İntihara cəhd və sui-qəsdə meylin səbəbləri geniş və ətraflı araşdırma istəyən bir mövzudur. Çünki bəzən intihara cəhd hallarındaki motivlər individual olur və fərdə görə dəyişir. Xüsusilə də əgər söhbət uşaqların intiharından gedirsə, o zaman bu mövzu daha da həssaslıq və diqqət tələb edir. Amma qısaca da olsa uşaqlardakı intihara cəhdintihar hallarının baş verməsinə səbəb olaraq aşağıdakıları göstərə bilərik:

1. Bəzən ailələrdə uşaqlarla şəxsiyyət kimi yox, elə uşaq kimi rəftar edirlər. Şəxsiyyətin təhqir olunması, yersiz cəzalar, şiddət və təhqirlər uşaqlara elə böyük psixoloji travmalar vurur ki, hətta onları intihara da sürükləyə bilir.

2.Valideynlər arasındakı konfliktlərdən ən çox əziyyət və travma alan tərəf uşaqlardır. Valideynlərin daimi münaqişəsi və boşanma da uşaqlardakı intihara cəhdin səbəblərindən ola bilər.

3.Valideynlər tərəfindən diqqətdən məhrum olan uşaqlar, getdikcə özlərini lazımsız və ailədə artıq bir yük olduqlarını düşünməyə başlayırlar. Valideyni olduğu halda onun diqqət və qayğısından məhrum olan uşaqların həyat motivi itir, hər şey onlar üçün puç və gərəksiz görsənir. Bu məsələ də intihara yol açan səbəblərdən biridir.

4.Hazırda media təbliğatı və onun psixoloji monipulyativ təsirləri kimsəyə gizl deyil. Aqressiya doğuran filmlərin, cizgi filmlərinin, ölüm və intihar səhnələri ilə dolu olan video roliklərin izlənməsi, yaxud da bu filmlər və cizgi filmləri vasitəsi ilə bioloji deyil, vaxtından qabaq psixoloji cəhətdən yetkinləşmələri, həmçinin xüsiyyətlərinin ikiləşməsi məsələsi də intihara cəhdin səbəblərindən sayıla bilər.

5.Sosial problemlər, kasıb həyat tərzi, ictimai əlaqələrin tənzimlənməsi və sosial status bölgüsü və bunların yaratdığı gərginliklər və psixoloji travmalar da intihara yol aça bilər.

6.Ümumiyyətlə hazırki dönəmdə bütün dünya mənəvi böhran yaşamaqdadır. Mənəviyyatdan uzaq olan cəmiyyətdə cinayət hallarının daha artıq olması labüddür. İnsanların həyat motivini artırmaq, düşdükləri problemlərdə mənəvi dəstək ala bilməyən və mənəvi böhran yaşayan fərdlərdə intihara cəhd halları daha artıq qeydə alınır. Bəzən də bu mənəvi proqramların özlərindən sui-istifadə edilərək ideoloji monipulyasiyalar edilir ki, bunun sanrak travması daha dəhşətli olur.

Bu baxımdan, məktəb ilə institutlarının bərpası proqramı daha da aktuallaşmalı və bu sahədə ciddi tədbirlər görülməlidir. Tədris müəssisələrində psixoloqların, ailə konsultasiyası sahəsində ixtisaslaşmış kadrların yerləşdirilməsini zəruri hesab edirəm. Çünki həmin müəssisələrdə uşaqlarla birbaşa təmas onların ailələrindəki durumdan xəbər verir ki, belə olan halda ailələr həmin müəssisə və tədris mərkəzinin mütəxəsisi tərəfindən dəvət alıb problemin həllində müsbət nəticələr əldə edə bilərlər.

Digər tərəfdən gənclərin hansısa missionerlər tərəfindən ideoloji monipulyasiyaya uğramamaları və nəticədə hansısa bir ideologiya uğruna özünə qəsd edən intiharçıya çevrilməmələri üçün məmləkətdəki ənənəvi din və dini inancın bu məsələ ilə bağlı ortaya qoyduğu konsepsiyaların aşılanmasını, məktəblərdə, təhsil və tədris müəssisələrində seminarların, konfransların maarifləndirici tədbirlərin keçirilməsini zəruri hesab edirəm."

AbbasƏli Hüseyni

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı