2016-06-24 11:31

Həyatımızda baş verən qaçılmaz hallarla necə mübarizə aparaq? - Psixoloq məsləhəti

Mənfi təsirlərdən necə qurtulaq?

Psixoloq-konsultant Nərgiz Qaravəliyevanın LiderXeber.az-a növbəti açıqlamasını sizlərə təqdim edirik:

"Psixiatriyada əslində "orta yaş krizi" deyə bir anlayış yoxdur. Ancaq bir neçə ildir mütəxxəssislər qadınlarda menopoz, kişilərdə andropoz dövründən qabaq hormonal dəyişikliklərdən qaynaqlanaraq insanların psixologiyasında ( duyğu, düşüncə, davranışlarında) bir çox dəyişikliklər müşahidə edirlər.

Menopoz, andropoz ümumi olaraq baxdıqda insan həyatının kritik (böhran) dövrlərindən biridir. 

Kritik dövrlər nədir? 

Qısaca bir dövrdən başqa bir dövrə keçid. Menopoz və andropoz dövründə insanlar yetkinlikdən qocalığa keçid yaşayırlar. İnsan həyatındakı keçid (kritik) dövrlərini xatırlayaq. 

Körpəlikdən uşaqlığa, uşaqlıqdan yeniyetməliyə, yeniyetməlikdən gəncliyə, məktəbdən məzun olmaq, universitetdən məzun olub işə başlamaq, evlənmək (boşanmaq), gənclikdən yetkinliyə, yetkinlikdən qocalığa və sair bütün bu keçid dövrlərində fizioloji, psixoloji, sosial bir çox dəyişikliklər, yeniliklər yaşayan insan üçün yeni dövrə adaptasiya olmaq heç də asan olmur. Bu dövrlərdə əsəbilik, gərginlik, depressiv hisslər, yuxusuzluq, iştahda problemlər, ailə və sosial çevrə ilə münasibətdə problemlər və sair baş verməsi normaldır. Adaptasiya prosesini sağlam bir şəkildə başa vura bilməyən insanların sonu nevrozluq, depressiya xəstəliyi kimi psixozluq, intahar və sairlə nəticələnə bilir. 

Bəs bütün bu təbii olaraq yaranan, qaçınılmaz olan hallarla necə mübarizə aparmaq olar?

Mövzudan çox uzaqlaşmadan qayıdaq "orta yaş krizinə". Bu dövrdə insanlarda başda hormonal dəyişikliklər olmaqla kişilərdə androgen, qadınlarda estrogen cinsiyyət hormonlarının azalması ilə cinsi istəkdə azalmaq və ya artmaq (yalançı artım) , gücün, enerjinin azalması, yorğunluq, yuxusuzluq, əzələ əriməsi, sümük əriməsi ( osteoporoz), əsəbilik, piylənməyə meyillilik, gecə tərləmək hallarının artması, üşümək, unutqanlıq, diqqətdə dağınıqlıq və sair duyğusal, somatik, koqnitiv (zehni) problemlərə rast gəlinir.

Bütün bunların baş verməsi təbii olaraq insanın psixologiyasında bir çox dəyişikliklərə səbəb olur, xüsusən davranışlarında fərqliliklər daha çox diqqət çəkir. Ümumi olaraq insanlarda həyata keçirə bilmədikləri hədəfləri üçün dərin peşmanlıqlar, ümidsizliklər, hər hansı xəyala, arzuya düşmək, uğurlu həmkarları tərəfindən xor görülmək qorxusu, özünü daha gənc hiss etmək üçün özündən gənc insanlarla dostluq və ya cinsi münasibət qurmaq, vaxt keçirmək kimi istəkləri olur. Bu dövrdə qadınlarda çoxalmaq qabiliyyətinin itirilməsi, vərdişlərində dəyişikliklər, qocalmaq, cazibəsini itirmək qorxusuna rast gəlinir. Daha əvvəllər mövcud olan fizioloji, psixoloji narahatlıqları (depressiv hisslər, içə qapanmalar) daha da artır və ya üzə çıxır. Bəzi qadınlarda gənc qızlar kimi davranmaq, vulqar geyimlər geyinmək, bəzənmək istəkləri yaranır. Bəziləri də gənc yaşlarında baxımlı olsalar da nəzərə çarpacaq dərəcədə baxımsız, aqressiv şəkildə gəzib davranırlar.

Müşahidələr nəticəsində bu dövrü kişilərin qadınlara görə daha ağır keçirdiklərinə rast gəlinir. "Orta yaş krizi" i kişilərdə 40-60 yaş arasında bəzən daha tez 30lu yaşlarda baş verir. "Orta yaş krizi"nə daha gənc yaşlarda yaşamağa daha cavan yaşlarda (18-25 yaş) ailə həyatı qurub, uşaq sahibi olmaq, iş həyatına başlamaq , həyatı "sürətli" yaşamaq kimi faktorlar da səbəb ola bilir. Bu dövrdə kişilərdə geyim tərzlərində dəyişikliklər ( daha rəngli, daha gənc göstərən bahalı, brend geyimlər), idmana olan meylin artması, həyat yoldaşı, uşaqları ilə problemlər, evdən soyuma, gənc qızlara meyillilik nəzərə çarpacaq dərəcədə olur. Bunu psixoanaliz tərəfindən izah etsək şüuraltı olaraq qocaldığını, cinsi zəifliyini qəbul etmək istəməyən kişi gənc xanımlarla münasibət quraraq özünü psixoloji rahatlatmağa, hiss etdiyi və onu narahat edən əskikliyi kompensasiya etməyə çalışır. Maşınlarını dəyişib, daha bahalı, ətrafdakıları cəzb edən maşınlar almaq, maşını sürətlə idarə edib qəzalar keçirmək halları da məhz yaşadıqları krizlə bağlı ortaya çıxan davranışlardır. Kritik dövründə məntiqli düşünə bilməyən, duyğuları ilə düşünüb davranan kişilər ailələrini tərk edib daha gənc qadınlarla ailə qurmasına, bu dövr bitdikdən sonra peşiman olub, ilk həyat yoldaşlarına, ailələrinə geri qayıtma hallarına da çox rast gəlinmişdir. Təbii ki bu hər kəsdə eyni şəkildə baş vermir. Bəziləri də sosial münaibətlərini kəsirlər, bu dövrdə istefalara daha çox rast gəlinir, içlərinə qapanaraq özlərini cəmiyyətdən təcrid edirlər. İnsanların böyükdükləri ailə, aldıqları təhsil mühiti, şəraiti, aldıqları travmalar və sair onların bu kritik dövrü necə keçirəcəklərini müəyyən edir. Duyğusal dəyişikliklərlə necə mübarizə aparacağını bilməyən insanlar spirtli içkilərə, narkotik maddələrə, daha çox siqarət çəkməyə meyl edirlər.

Bəs bu dövrü necə zərər görmədən başa vurmaq olar?

İlk əvvəl bu kritik dövr, adaptasiya prosesi haqqında çoxlu məlumat toplamaq lazımdır. Məlumatlı olub, hissləri kontrol etməyi bacardıqda bu dövrü daha rahat keçirmək olur. Tez-tez öz-özü ilə danışıqlar edib müvəqqəti olaraq bir dövrdən keçdiyini, əvvəllər hiss etmədiyi duyğular onlara bağlı düşüncələrin yaranmasının səbəbinin məhz bu təbii olaraq, hər insanın həyatı boyunca keçdiyi kritik dövrlərdən biri olmasını xatırlatması, öz-özünə təlqin etməsi faydalı olar. Ailə, sosial bağların gücləndirilməsi ən vacib şərtdir. Həyat yoldaşı, uşaqlar ilə daha çox zaman keçirmək, birlikdə idman və sosial fəaliyyətlər, əvvəl etmədikləri fərqli fəaliyyətləri təcrübədən keçirmək, yeni yerlər kəşf edib, gəzmək faydalı olacaqdır. Həyat yoldaşı ilə yaşadığı problemləri bölüşmək, fizioloji, psixoloji çətinliklərindən bəhs edib, birlikdə çarə yolları axtarmaq və həmçinin qarşısındakının da problemlərini dinləyib, həll yolları tapmaq aradakı emosional bağları qüvvətləndirir, kritik dövrü daha rahat başa vurmasına dəstək olur. Bütün bunlarla birgə profesionallardan da əlavə məlumat, dəstək almaq olar. Hər insan fərqli olduğu kimi onun bu kritik dövrü başa çatdırması, adaptasiya prosesi də fərqli olur. Bəzi insanlar yuxarıda qeyd olunan şəkildə davrandıqda bu kritik dövrü asanlıqla keçirir bəzi insanlara isə bütün bunlara əməl etmək çətin gəldiyi üçün profesionallardan ( psixoloq, həkim və sair) əlavə dəstək almaq ehtiyacı lazım gəlir.

Hər şeydən qabaq insan ömrünün hər inkişaf mərhələsinin, yaşın gətirdiyi təbii ehtiyacları qarşılamalı, təmin etməli, bir mərhələni yaşamadan digərinə keçmək üçün nə tələsməməli nə də gec qalmamalıdır. E. Eriksonun Psixososial nəzəriyyəsində, insan ömrünün inkişaf mərhələlərinə, onun təbii olaraq əmələ gətirdiyi ehtiyaclara nəzər saldıqda görərik ki; hər hansı inkişaf mərhələsini uğurla keçirə bilməyən insan həmin dövrdə fiksasiyalar ( və ya travmalar) yaşayır və bu da sonrakı inkişaf mərhələlərində öz nəticəsini göstərir. Misal olaraq, 18 yaşlı bir yeniyetmə cinsiyyət olaraq istər qadın olsun, istər kişi evlənmək yaşında deyil. 18 yaşlı yeniyetmə bədənində və zehnində baş verən dəyişikliklər nəticəsində sosial, cinsi kimliyindən, gələcək peşə seçiminə kimi qarışıqlıqlar, xaos yaşayır. Artıq o gələcək peşə sahəsini seçməli, ailəsindən ayrılıb öz həyatını qurmaq üçün ilk addımı atmalıdır. Universitetə daxil olduqdan sonra başlayan əyləncəli və daha məsuliyyətli həyatla yeniyetmə sadəcə gələcək işinə doğru addım atmır, sosial çevrəsini qurur, hətta qurduğu münasibətlərlə beynində bir sonrakı mərhələdəki evlənmək üçün özünə uyğun həyat yoldaşı modeli yaranır. Universitet həyatınızı xatırlayıb daha nələr yaşadıqlarınızı bir daha düşünə bilərsiniz. Ən əsası universitetə daxil olduğunuzda və bitirdiyinizdə duyğu, düşüncələr, beyninizdəki bir çox modellər, ideallarınız, inanclarınız, həyat fəlsəfəniz, siyasi baxışlarınız və sair arasındakı uçurumları, fərqləri xatırlayın. İndi isə bütün bunları yaşamadan 18 yaşında ailə quran, peşə seçən, başqalarının (ailəsinin) diqtəsi ilə yaşayan, öz həyat yolunu başqaları çizən insanları düşünün. Həyatı ilə vacib heç bir qərarı verməyən, 18 və 24 yaşları arasında dövrü yaşamadan birbaşa psixoloji olaraq 24 yaşa atlayan insanlar məhz bu kritik dövrü çətin keçirən insanlar arasındadırlar. Bir də ailə, maddi vəziyyəti ağır olduğu üçün 10-12 və ya daha balaca yaşlarından işləyib, pul qazanmağa çalışan uşaqları düşünün. Hansı ki o yaşda o uşaq dərs oxumalı, dostları ilə oynamalı, gəzməyə getməli, velosiped sürməli və sair yaşına uyğun fəaliyyətlərlə məşğul olmalıdır. Amma o görün neçə ili "yaşamadan" keçirmişdir.. Yəqin bəzi yetginlərin, qocaların niyə bəzən uşaq kimi ərköyünlük etdiyi, davrandığı , bəzi yetginlik dövründə olan qadınların, kişilərin niyə 18 yaşlı qızlar/ oğlanlar kimi geyindiyi, danışdığı, onlarla gülünc "rəqabətə girdiyi"ni başa düşməyə başlayarsınız. Amma hər kəs məhz bu səbəblərə görə belə davranır deyə də bilmərik. Bəzən yaşadığı ailə mühiti, yetişdirildiyi qatı disiplin, təhsil, inanc və dəyərlər sistemi bunda böyük rol oynayır. 

Qadağalar və günahlar insan üçün həmişə "cazibədar" olur. Təməlini qadağa və günahlar təşkil edən təlim-tərbiyə sistemində böyüyən yetginlərin kritik dövrü ağır keçirdikləri müşahidə olunub. Gələcək yazılarımda özü geniş bir açıqlaması olan mövzu haqqında yazacağam. Sadəcə sağlam təlim-tərbiyə üçün qadağalar və günahlar əvəzinə sevgi, insani, mənəvi dəyərlərin aşılanmasının daha məqsədə uyğun olduğunu qeyd etmək istəyirəm. Valideynlər biraz daha həssas olub travmatik uşaqlar böyütmək yerinə inkişaf dövrlərini, onların təbii ehtiyaclarını öyrənib, hər yaşda uşaq, yeniyetmə, gənclərlə müraciət şəkillərini mütəxxəssislərdən, qaynaqlardan öyrənsələr bu həm onların özləri üçün də daha yaxşı olar. Nəticə etibarı ilə aqressiv və ya içə qapanıq, cəmiyyət içində davranış pozğunluqları olan uşaq, gələcəkdə də kritik dövrləri normal şəkildə keçirə bilməyən "nevroz" yetginlə "uğraşmaq" məcburiyyətində qalmayacaqlar. Həyatda yaşadığı çətinliklərə görə daha müdrik, səbrli, tutarlı davranan, şəxsiyyəti formalaşan yetginlər də var. Misalları çoxaltmaq olar son olaraq insanın inkişaf dövrünün, yaşının gətirdiyi ehtiyacları bacardığı qədər təmin etməsi, həyatı, hər şeyi zamanında yaşaması onun istər kritik dövrlər olsun istər həyatının sonrakı inkişaf mərhələlərini daha uğurlu şəkildə keçirməsinə kömək olacaqdır".

Səbuhi Vaqifoğlu

LiderXeber.az

SON XƏBƏRLƏR


Yuxarı