2016-06-22 18:40

2000 illik tarixi olan Corat qəsəbəsi - Video Reportaj

Corat qəsəbəsi ilə yaxından tanış olaq.

Coratın dəqiq tarixini, yaşını bilən yoxdur. Lakin deyilənə görə, 2000 yaşı var. 

Qəsəbənin tarixi eramızdan əvvəl III, IV minilliklərə gedib çıxır. Xəzər dənizinin Abşeron sahillərindən Dərbəndə qədər bir ərazini əhatə edən Çora vilayətinin eyniadlı paytaxtı Çora tarixin qədim qatlarında böyük liman və ticarət şəhəri kimi yer tutub. Hətta alban katalikosunun iqamətgahı da bu şəhərdə yerləşirmiş. Ən mühimi isə ondadır ki, qəsəbə məzarlığındakı pirlər, sandıq qəbirlər bu məkanın qədim yaşayış məskəni olduğunu təsdiq edir.


Coratda Cümə, Gülxatun, Hacı Kiçikbəy, Hacı Hümbət məscidləri, pir və ocaqlar, qalalar, XIV əsrə aid hamam, ehsanlıq su quyuları və s çoxlu qədim abidələr var.

LiderXeber.az xəbər verir ki, burada qədimdə 4 məscid inşa edilmişdir ki, bunlardan hal-hazırkı dövrümüzdə ikisi qalır, digər ikisi isə Sovet hökumətinin ilk illərində dağıdılıb.

Hal-hazırda Cümə məscidi kimi tanınan Coratın ən qədim məscidi inanclıların ibadətgah yeridir.

Bu haqda danışan həmin məscidin axundu Hacı Sahib Məmmədov bildirdi ki, qeyd olunan məscid Sovetlər dönəmində bir müddət bağlı qalıb, lakin sonralar fəaliyyətini bərpa edib.

Hacı Sahib onu da bildirdi ki, qədimdə məscidin yaxınlığında qəbiristanlığın olduğu ehtimal olunur, bunu yaşlı nəslin nümayəndələri də deyir.

Coratda dövrümüzə qədər gəlib çıxan digər məscid isə Gülxatun məscididir ki, bunun da kiçik tarixçəsi var.

Gülxatun məscidi imkanlı, varlı bir xanım olan Kərbəlayi Gülxatun tərəfindən inşa edilib. Bu məscid uzun müddət istifadəsiz və baxımsız qalmışdır. Son illərdə qəsəbə sakinlərinin yaxından köməyi sayəsində məscid xeyli abadlaşdırılmış, öz görkəmini dəyişmiş və möminlərin ixtiyarına verilmişdir.
Tarixən Coratda bir neçə qəbiristanlıq olub, onların sonuncusu kəndin qurtaracağında yerləşir. Həmin qəbiristanlıqdakı sərdabələr, yazılı daş kitabələr, pirlər, qəbirüstü yazılar uzaq keçmişdən xəbər verir.

Coratda abidə kimi iki hamam var: biri Köhnə hamam, digəri isə Təzə hamam adlanır.

Köhnə hamam dəniz qırağında yerləşir. Bu hamamın tarixi təxminən 6 əsr bundan öncəyə gedib çıxır.

Hamamın tikilməsindən Əhliman adlı bir kişinin böyük rolu olub. Yerin altında, çöldən təxminən 1, 50 sm hündürlükdə yerləşən hamamın kanalizasiya boruları saxsıdandır. Bura yaxınlıqda yerləşən Nəbi bulağının şirin, kükürdlü, müalicəvi əhəmiyyətli suyu ilə təmin edilib. Köhnə hamam uzun müddətdir ki , öz taleyi ilə baş- başa buraxılıb. Tarixi abidə kimi qeydiyyatda olan qədim hamamdan indi heç kim istifadə etmir, çünki hamam tamamilə yarasız vəziyyətdədir.

Təzə hamam isə kənd içində məscidin yaxınlığında yerləşir. Bu hamam Hacı Əmrulla bəyin hamamı adlanır. Həmin hamamın isə yaşı təxminən 2 əsrdən çoxdur.

Günbəzşəkilli olan bu hamam dövlət tərəfindən mühafizə edilir.

Bəli, Corat qəsəbəsini Sumqayıtın qürur rəmzi, tarixinin, mövcudluğunun əsas dayağı hesab edirlər. Biz də çalışmalıyıq ki, bu cür qədim tarixə malik olan, abidələrlə dolu məkanlarımızı göz bəbəyimiz kimi qoruyaq. Çünki uzaq keçmişimizi bizə çatdıran tarixi yaddaşımız olan bu abidələri qorumaq hər birimizin vətəndaşlıq borcudur.


Səbuhi  Vaqifoğlu

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı