2016-06-22 16:17

Satışdakı qarpızlarda zəhərlənmə təhlükəsi varmı?

Yerli istehsalın artması, İran və Türkiyə mənşəli qarpız və yemiş məhsullarının həm respublikaya idxal olunmasının azalmasına, həm də ölkəmizin ixrac potensialının artmasına səbəb olub. 

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətindən LiderXeber.az-a verilən məlumata görə, iyun ayı ərzində 57,5 ton qarpız, 16 ton yemiş məhsulu Rusiyaya ixrac olunub.

Xidmət son günlər həyata keçirdiyi müayinələrin nəticələrini açıqlayıb:

"Qarpızlarda nitratların miqdarının 37 mqkq, yemişdə isə 72mqkq olduğu məlum olub.

Qarpızlarda nitratların norması 60 mqkq, yemişdə isə 90mqkq-dır. Müayinələr zamanı məhsullarda insan sağlamlığı üçün təhlükə yaradacaq ağır metalların və pestisid qalıqlarının miqdarına rast gəlinməyib”.

Xidmət bostan məhsulları alan zaman məhsulun xarici görünüşünə diqqət yetirməyə dəvət edir:

"Əzik, çatlamış, çürüməyə məruz qalmış məhsullar almaq, eyni zamanda məhsulu soyuducuda uzun müddət saxlamaq olmaz. Əgər düzgün temperatura riayət olunmaqla məhsul soyuducuda saxlanarsa və istifadə olunarsa, insan orqanizmi üçün heç bir təhlükə yarana bilməz”.

Aylin Vəliyeva

LiderXeber.com
SON XƏBƏRLƏR


Yuxarı