2016-06-20 11:49

“Aprel müharibəsi” və Qarabağ münaqişəsinin həlli ilə bağlı perspektivlər

Bu gün əzəli Azərbaycan torpaqlarının düşmən tapdağı altında olması hər bir Azərbaycan vətəndaşının nə qədər rahat həyat sürməsinə baxmayaraq, bir tərəfinin kədərli, üzgün, vətən həsrətli, yurd nisgilli olmasına səbəb olur.

02 aprel 2016-cı il. Bu tarix Azərbaycan xalqının neçə illərdi içində yatan o hisslərin oyandığı və "artıq bəsdir, rədd olun bizim torpaqlardan” sözlərini dillərində, ən əsası qəlblərində və əməllərində canlandırdı. Belə bir məsəl var: "Çaqqalların azadlığı aslan ayağa qalxana qədərdi”. Bəli o aslanlar ki, onlar artıq neçə illərdi ki, bu ağır yükü qəlblərində daşıyır. Hər bir dəqiqələrində gözlərinin önündən getməyən "Xocalı faciəsini” düşünərək yaşayan, öz ailələrilə gözəl, xoşbəxt vaxt keçirdikdə, övladlarının başlarına sığal çəkdikdə həmin faciədəki min-bir əziyyətlə qətlə yetirilən uşaqları görürdülər.

Aprel döyüşləri bir daha bütün ictimaiyyətə nəyi sübut etdi?

Bu müharibə yüksək hazırlıqlı peşəkar zabit və əsgərlərin xidmətini bir daha dünya ictimaiyyəti qarşısında canlandırdı. Azərbaycan ordusunun nəyə qadir olduğunu sübut etdi. Təsadüfi deyil ki, Aprel döyüşlərində Ermənistanın İcevan rayonunun Berkaber kəndində yerləşən hərbi hissənin komandirlərindən biri olan general özünü güllə ilə vuraraq öldürmüşdür. Buna səbəb isə Azərbaycan ordusunun zəfərinə dözməməsi olmuşdur. Erməni əsgərləri döyüş zamanı silahlarını ataraq geri qaçır və həmin əsgərlər komandirlər tərəfindən güllələnirdi. Çox zəif və bərbat gündə olan Ermənistan ordusundan fərqli olaraq Azərbaycan ordusunda döyüş əhval-ruhiyyəsi, yüksək ruh yüksəkliyi vardı. 

Dörd gün davam edən bu döyüşlərdə xalq öz ordusun arxasında dayandı. Gənclər hərbi komisarlığa müraciət edərək könüllü döyüşə yollanmaq istədiklərini söylədilər. Respublikanın hər yerində igid Azərbaycan əsgərlərinə dəstək aksiyaları keçirilirdi. Bunun əksi olaraq isə Erməni xalqı onsuz da Azərbaycan ordusunun qələbəsi qarşısında çaş-baş qalan dövlətə qarşı aksiya keçirirdi. Deyirlər, "Torpaq uğrunda ölən varsa, Vətəndir”. 

Bu döyüşlər zamanı Azərbaycan ordusu 31 şəhid verdi.
Həmin döyüşlərdə igid Azərbaycan oğulları düşmənə qan udduraraq, ordumuzun nəyə qadir olduğunu göstərdilər. Həmin igidlərdən biri də Şükür Nəriman oğlu Həmidovdur. O, 8-ci sinifə kimi Qubadlı rayonunun Başarat orta məktəbində oxuyub. Cəmşid Naxçıvanski adına hərbi litseyə qəbul olub. Daha sonra isə Həzi Aslanov adına Hərbi Məktəbi bitirib. Aprelin əvvəllərində erməni işğalçılarının təmas xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması və düşmənin dinc əhaliyə hücumlarının dəf edilməsi zamanı göstərdiyi qəhrəmanlıq və igidliyə görə Həmidov Şükür Nəriman oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Milli Qəhrəman adına layiq görülüb. Bu gün bütün dostları, ailəsi, onu şəxsən tanıyan və əyani görməyən hər kəs bu qəhrəman ilə fəxr edir. Milli qəhrəmanın anası Şərqiyyə Həmidova və atası Nəriman Həmidov belə bir oğul yetişdirdikləri üçün özləriylə qürur duyurlar. Atası Nəriman Həmidov oğluna Milli Qəhrəman adı verilməsinə sevindiyini deyir. Bildirir ki, Azərbaycan Ordusu son döyüşlər zamanı Qarabağda şəhid olan soydaşlarımızın intiqamını alıb. Şükür Həmidovun ailəsi Qubadlı rayonunun Başarat Sovetliyinin Armudlu kəndindəndir. 1993-cü ildə Qubadlıdan köçkün düşəndən sonra Sumqayıta gəliblər. Onlar ailədə nə az, nə çox 10 uşaqdırlar. Şükür onların kiçik oğludur. Ailəlidir. İki övladı var.
10 may 2016-cı il tarixində müdafiə naziri general-polkovnik Zakir Həsənov cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olub və Şükür Həmidovla görüşüb. Aprel ayının əvvəlində Cəbrayıl rayonunun Lələ təpə yüksəkliyinin azad edilməsi əməliyyatı zamanı göstərdiyi şücaətə görə polkovnik-leytenant Şükür Həmidova müdafiə nazirinin əmri ilə vaxtından əvvəl polkovnik hərbi rütbəsi təqdim olunub.

Aprel döyüşlərinin qəhrəmanlarından biri də Murad Mirzəyevdir. O, 1976-cı ildə Sabirabad rayonunun Muğan Gəncəli kəndində anadan olub. 1998-ci ildə Türkiyədə Ali Hərbi Məktəbi bitirmişdir. ABŞ, Ruminya, İordaniya kimi ölkələrdə təlimlər keçib. Dördgünlük müharibə zamanı döyüşlərdə mənfur düşmən ordusunun gülləsinə tuş gələrərək şəhid oldu.
Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanması, erməni işğalçılarının 2016-cı il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması və düşmənin dinc əhaliyə hücumlarının dəf edilməsi zamanı qəhrəmancasına şəhid olan Xüsusi Təyinatlı Qüvvələrinin polkovnik-leytenantı Murad Telman oğlu Mirzəyev prezident İlham Əliyevin sərəncamı ilə Milli Qəhrəman adına layiq görülüb.
Zabitin cəsədi düşmənin nəzarətində olan ərazilərdə qalıbmış və cəsəd 10 aprel 2016-cı ildə Beynəlxalq Qırmızı Xaçın vasitəçiliyi ilə Azərbaycan tərəfə təhvil verilib.
Murad Mirzəyev 11 aprel 2016-cı ildə Bakıdakı II Fəxri Xiyabanda dəfn olunub.

Qarabağın erməni işğalçılarından azad olunması uğrunda aparılan hərbi əməliyyatlarda Milli Ordunun qəhrəmancasına həlak olmuş şəhidlərindən biri də mayor İmanov Samit Gülağa oğludur. O, 1981-ci ildə Neftçala rayonunun Həsənabad qəsəbəsində anadan olub. Bakı Ali Ümumqoşun Komandirləri məktəbini bitirmişdi. Ailəlidir, 4 yaşlı və 2 aylıq iki uşağ var.

Talış kəndi ətrafında gedən döyüşlərdə qəhrəmancasına şəhid olan mayor Samid İmanov prezident İlham Əliyevin sərəncamı ilə Milli Qəhrəman (ölümündən sonra) adına layiq görülüb.
Şəhid dəfn olunmamışdan əvvəl qonşu ölkədə yaşayan qardaşının sosial şəbəkədə paylaşdığı yazı bütün xalqı sarsıtdı: "Qardaş canım sənə qurban. Gəlirəm qanım, canım qardaş. Məni ağlar qoydun sən qardaş, Fidoşuma mən nə deyəcəm qardaş!?"

Bu gün Samitin qardaşının simasında bütün Azərbaycan xalqı Vətən uğrunda gedən oğullarına, can qardaş, mən Fidoşuma nə deyəcəm? Sualına sən tək cavab verməyəcəksən.Bu suala bütün Azərbaycan xalqı cavab verəcək. Sənin atan dünyanın ən yüksək zirvəsi olan "Şəhidlik” zirvəsinə ucalıb. O, sənin və sənin kimi neçə Fidoşlar azad, xoşbəxt, öz əzəli torpaqlarında yaşasın deyə canından keçdi. Düşmənlərdən Xocalıda ölən neçə-neçə Fidoşların qisasını aldı. O, igiddir, O qəhrəmandır, o, şəhiddir, o, sənin, xalqımızın fəxridir.

- "Aprel müharibəsi”i Azərbaycan cəmiyyətində məhz bu ab-havanı doğurdu. Birlik, bərabərlik. Hər bir şəhid ailəsinə, biz sizinləyik dedi. Bu döyüş Azərbaycan xalqının qələbəyə yaxınlaşdığını xalqa inandırdı. Xalqımız öz ordusuna güvəndi, inandı. Həmin an sanki havaya Qarabağın qoxusu yayıldı və hələ də bu qoxu ətrafı dolanır. İnsanlar nəfəs aldıqca onların qəlbinə, ruhuna yayılır. Çox az qalıb, tezliklə bizlər öz doğma yurdumuza qovuşacayıq.

Yazı Azərbaycan Mətbuat Şurası Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi ilə birlikdə "Milli Ordumuzun aprel sınağı: vətənpərvərliyin Qarabağ vəhdəti və yeni qəhrəmanlıq salnaməsi” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur.

Səbuhi Vaqifoğlu

LiderXeber.az


SON XƏBƏRLƏR


Yuxarı