2016-06-16 15:50

İcra Hakimiyyətindən köçkünlərin etirazı ilə bağlı - Açıqlama

Mətbuatda yayılan məlumatlara görə, Füzuli rayonundan olan bir qrup məcburi köçkün yaşayış şəraitinin pis olmasına etiraz edərək Beyləqan rayonunda mərkəzi yolu bağlayıb.

LiderXeber.az-ın xəbərinə görə, köçkünlər iddia edirlər ki, rayon ərazisində öz hesablarına ev tikmək istəsələr də, onlara maneçilik yaradılır.

Füzuli rayon İcra Hakimiyyəti məcburi köçkünlərin etirazına münasibət bildirib. İcra hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Qənimət Əliyev AzVision.az-a bildirib ki, Beyləqan rayonu ərazisində kanal və yola yaxın hissədə məskunlaşan Füzulidən olan məcburi köçkünlərin hər birinin yaşayış şəraiti normaldır. 

"Respublikanın 58 rayon və şəhərində Füzulidən olan məcburi köçkünlər məskunlaşıb. Elə bir bölgə yoxdur ki, orda bizim səlahiyyətli nümayəndəmiz olmasın, onlarla iş aparılmasın. Rayonun ərazisində Sovet dönəmindən tikilən Fin şəhərciyinin yanında Nazirlər Kabinetinin qərarı ilə 400 evdən ibarət yeni qəsəbə tikilir. Hazırda sürətlə tikinti işləri gedir, mayın 17-də Baş nazirin müavini Əli Həsənov işlərin gedişi ilə şəxsən maraqlanıb. Sadəcə yeni tikilən qəsəbə Fin şəhərciyində yaşayan aillər üçündür. Yol kənarında yaşayanlar da özləri üçün belə şəhərcik tikilməyini işləyir. Siyahı tutulub, rayon və şəhərlərdə yaşayan məcburi köçkünlərin siyahısı Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində də var. Növbəlik qaydasında onlar da evlə təmin olunacaq. Onların yaşayışları və dolanışıqlarında problem yoxdur”. 

Şöbə müdiri köçkünlərə ev tikmək üçün icazə verilməməsinə də aydınlıq gətirib: "Onlar bu yerlərdə müvəqqəti məskunlaşıblar. Yeni evlər, qəsəbələr salınacaq və onlar zamanla evlə təmin olunacaqlar. Bu iş mərhələli şəkildə həyata keçiriləcək”. 

Aylin Vəliyeva

LiderXeber.com
SON XƏBƏRLƏR


Yuxarı