2016-06-09 19:48

Gənc yazar: "Səsləndirdiyim hər bir şerə, tək şer olaraq deyil, əsər olaraq qiymət verirəm" - MÜSAHİBƏ

"Mənə görə pozitiv olmaq həyat tərzidir..."

Gənc yazar Fatimə Mövsüm LiderXeber.az saytına müsahibə verib.

Həmin müsahibəni sizlərə təqdim edirik:

- Fatimə xanım gənc publisist yazar və qiraətçisiniz. İlk yazmağa nə vaxtdan başlamısınız, sizcə yetərincə tanınırsız?

- Yazmağa çox kiçik vaxtlarımdan başlasam da, əslində ona yazı deməzdim. Körpə bir qızcığazın xəyal qaralaması deyərdim. Digər sualınıza isə cavab vermək məni aşar.

- Çox maraqlıdır, Fatimə xanım nə üçün belə düşünürsünüz? Qaralama deyərkən nəyi nəzərdə tutursunuz?

- Təbi ki, o vaxtlar yazdıqlarımla indi yazdıqlarım arasında çox fərq var. Hələ də yazdıqlarıma tam qiymət verə bilmirəm. Əsas odur ki, oxucular və dinləyicilər öz rəylərini bildirsinlər (və gülümsəyir…)

- Doğrusu bu qədər pozitiv tərəf müqabili ilə qarşılaşacağımı təsəvvür etməzdim.

- Pessimizim məncə daha çox inamsızlığın məhsuludur. Mənə görə pozitiv olmaq həyat tərzidir. Xoş fikirləşməsəm problemlərlə dolu dünyamızda yaşamaq məncə çətin olar. Həyata tutunmaq təkcə gündəlik problemlərin həlli deyil, mənə görə həm də millət olaraq qarşımızda duran qlobal məsələlərin həllinə aparan yolda qazanacağımız uğurlara vəsilədir.

- Bu yaxınlarda " Xalq”qəzetində dərc olunan ” Doğma torpaqlarımıza qalib əsgər nidaları ilə qayıdacağıq” yazınız (yazını bu linkdən əldə edə bilərsiz: http://www.xalqqazeti.com/az/news/social/68964 ) diqqətimizi xüsusi cəlb etdi. Gənc bir qələm sahibinin belə bir təsirli yazı yazmasıyla bağlı nə deyə bilərsiniz?

- Əvvəla yazdığım yazını qiymətləndirərək dərc edən "Xalq " qəzetinin baş redaktoru Həsən Həsənova təşəkkür edirəm. Vətənimin hər qarışını sevirəm. Əslən qərbi azərbaycanlıyam, bununla da fəxr edirəm. Mən bu yazını yazarkən tək vətənimə məhəbbətimi deyil, həm də Qərbi Azərbaycanın bizim yeni qədim türklərin, azərbaycanlıların yurd-yuvaları olduğunu tarixi əsaslara, faktlara istinadən oxuculara çatdırmaq idi.

- Fatimə xanım, siz vətənim yazınıza nəyi əlavə etmək istərdiniz? Yəni həmin yazıda unutduğunuz nəsə varmı?

- Vətən deyəndə içi qan ağlayan həmvətənlərimiz hədsiz çoxdur. Qarabağımızdan didərgin, qaçqın düşən, yaşa dolub,vətən sevgisi gözlərində məzar olan insanlarımızdır. Mən vətənim Azərbaycanı sevirəm, çünki azərbaycanlıyam.Yazımda əsas bir mövzuya toxunmaq istərdim. Azərbaycanlı bir xanımın, ya da kişinin fərq etmir, şəxsiyyət vəsiqəsində ermənistanlı damğasını, ləkəsini görmək istəməzdim. Xatırladım ki, dövlət başçımız İlham Əliyevin bu haqda bir neçə dəfə çıxışı olmuşdur. Ən çox yadımda qalan isə bu sözlərdir...

- Siz hansı sözləri nəzərdə tutursunuz?

- Prezident İlham Əliyevin dediyi kimi: ”Çünki biz Ermənistana qarşı torpaq iddiası irəli sürmürük, halbuki sürə bilərik, indiki Ermənistanın yerləşdiyi ərazi qədim türk Azərbaycan torpaqlarıdır”.
Mən də istərdim ki, səxsiyyət vəsiqəmizdə qərbi azərbaycanlı yazılsın. Hətta bunu cənab prezidentimiz İlham Əliyevdən xahiş edərdim. Mən azərbaycanlı olmağımla, türk soyundan olmağımla fəxr edirəm....

- İnşaallah arzunuz həyata keçər, doğrusu söhbətimiz çox maraqlı olsa da sizə hal-hazırdakı işlərinizlə bağlı sual vermək istərdim. Bir neçə şer qiraətçisisiniz, sizi həm yazılarınızla, həm də səsinizin məlahəti ilə tanıyırlar. Seçdiyiniz iki şedevr şer haqqında nə deyə bilərsiniz?

- Musa Yaqub və Kəmaləddin Qədim haqqında nə qədər danışsam az olar. Çünki hər iki şairimiz də oxucuları tərəfindən çox sevilirlər.Yazılarındaki, sevgi, qayğı, ilahi eşq sevilməyə bilməz. Musa Yaqubun "Özünə öyrətmə məni” şerini səsləndirərkən, gözəl misraları bacardığım qədər canlandırmağa cəhd göstərdim. Hər bir misranı hiss etdim... Kəmaləddin Qədimin"O qadın" şerində isə bir qadının iztirablarını, ağrı acılarını, səbrini, çətinliklərini duydum. Bir sözlə, səsləndirdiyim hər bir şerə, tək şer olaraq deyil, əsər olaraq qiymət verirəm. Sanki gözəl bir rəsm əsəri kimi düşünüb onu öz səsimin ahəngilə, duyğularımın cilasıyla canladırmağa çalışıram.

Səbuhi Vaqifoğlu

LiderXeber.az


SON XƏBƏRLƏR


Yuxarı