2016-06-03 17:10

Bakıda plov festivalı keçirildi

İyunun 2-də Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Bakı Turizm Peşə Məktəbində plov festivalı keçirilib.

LiderXeber.az xəbər verir ki, paytaxtımızda keçirilən III Bakı Beynəlxalq Turizm Filmləri Festivalı çərçivəsində təşkil olunan tədbirdə qonaqlara Azərbaycanın regionlarına məxsus plovlar təqdim olunub.

Plov festivalının keçirilməsində məqsəd tarixi və mədəni irsin beynəlxalq mərkəzlərindən biri olan Azərbaycan mətbəxini təbliğ etməkdən ibarətdir.

Tədbirdə Azərbaycanda plovun 200-ə yaxın növü olmasından, tarixən ölkəmizdə çəltikçiliyin geniş yayılmasından söz açılıb. Festivalda Bakı, Şirvan, Quba, Gəncə, Şamaxı, Naxçıvan və Lənkəran plovları təqdim olunub.

Qonaqlar əvvəlcə "Qarabağ bülbülləri”nin oxuduqları "Qarabağ şikəstəsi”nin sədaları altında bu dilbər guşənin mətbəxini təmsil edən "Lobya-çilov plov”a qanaq edilib.

Tədbirdə iştirak edən Bursa Böyükşəhər Bələdiyyəsi (Türkiyə) Mədəniyyət və turizm idarəsinin rəhbəri Nur Çakır bildirib ki, belə tədbirlər xalqların daha yaxından tanınmasına xidmət edir. Türkiyədə də plovun çoxlu çeşidləri olduğunu deyən N.Çakır Azərbaycan plovunun dünyada bənzəri olmadığını söyləyib.

Festivalın sonunda qonaqlara Azərbaycan mətbəxinin çeşidli növlərinin bişirilmə texnikasından bəhs edən disklər təqdim olunub.

Günay Cəfərova

LiderXeber.com
SON XƏBƏRLƏR


Yuxarı