2016-04-20 21:07

Sumqayıt şəhəri növbəti şəhidini son mənzilə belə yola saldı - VİDEO

Kiçik gizir Baxışov Seymur Qulamhüseyn oğlu torpağa tapşırılıb.

Cəbhənin təmas xəttində Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olan Silahlı Qüvvələrimizin hərbi qulluqçusu, Sumqayıt şəhər sakini, 1987-ci il təvəllüdlü Baxışov Seymur Qulamhüseyn oğlu torpağa tapşırılıb.


LiderXeber.az xəbər verir ki, şəhidimizlə vida mərasimi səhər saatlarından etibarən yaşadığı mənzildə başlayıb. Dünən gecədən sosial şəbəkələr vasitəsilə xəbər tutan şəhər əhalisi onun evinə tərəf axın etməyə başlayıb.Dəfn mərasimində Müdafiə Nazirliyinin, Sumqayıt şəhər İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi şəxsləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.Şəhidin nəşi "Şəhidlər ölməz, Vətən bölünməz!” "Qarabağ bizimdir, bizim olacaq” şüarları ilə alqış sədaları altında dəfn olunmaq üçün Şəhidlər Xiyabanına yola salınıb.

Şəhidin yaxınları bu itkinin ağır olmasına baxmayaraq Baxışov Seymur şəhidliyindən qürur duyduqlarını dilə gətiriblər.

Daha sonra şəhid hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni və yaylım atəşləri altında torpağa tapşılırıb. Şəhidin tabutu üzərinə salınmış üç rəngli bayraq isə atasına verilib.

Qeyd edək ki, Seymur Baxışov aprelin əvvəlində keçirilən son döyüşlərdə şəhid olub. Onun meyiti aprelin 19-da təmas xəttindən götürülüb. Məlumat üçün bildirək ki, Seymur Baxışov 1987-ci ildə Sumqayıt şəhərində anadan olub.O, 1994-2005-ci illərdə Sumqayıt şəhər 14 saylı məktəbin rus bölməsində təhsil alıb. Şəhid Seymur Baxışovun 1 övladı var. Bir daha başın sağ olsun, Vətən!

Səbuhi Vaqifoğlu

LiderXeber.az

SON XƏBƏRLƏR


Yuxarı