2016-04-19 14:42

Tofiq Abbasov: "Sərkisyanın Xankəndinə səfər etməsi özü üçün sığortalayıcı mexanizmdən başqa bir şey deyil"

Siyasi şərhçi Tofiq Abbasov Liderxeber.az saytı üçün Ermənistan prezidenti Serj Sərkisyanın Xankəndinə səfər etməsinə münasibət bildirib: 

Bu səfər çox mürəkkəb vaxtda yer aldı. Ölkədaxili problemlər artdlqca, Qarabağ probleminin həllində İrəvan ağır duruma düşdükcə, o, öz sosial bazası ilə olan münasibətləri bir qədər tənzimləməyə çalışır.
Məsələ ondadır ki, aprelin əvvəllərində cəbhədə yaranmış gərginlik onun ölkəsinin çox ağır durumda olmasına işarə etdi. Bəlli oldu ki, Ermənistan artıq status-kvonun qalmasına nail ola bilmir. Deməli münaqişə bölgəsindəki dəyişikliklər qaçılmazdır. Belə şəraitdə Sərkisyan özü üçün sığortalayıcı mexanizmlər axtarır.

Əgər mini-müharibədə tələf olan əsas qarabağlılar deyil, Ermənistan vətəndaşları oldularsa, deməli prezidentə qarşı hiddət və etirazlar daha da artacaq. Yəni, Qarabağın alınması ilə xalqı şirnikləndirən prezident indi özünün işlək dividendini itirməyə doğru hərəkət etməyə başlayıb.

Əvvəl-axır o, hakimiyyətdən gedəcək və yeganə sığınacaq alabiləsi yer doğma Qarabağ olacaq. Yerli əhalinin özünə qarşı ilıq münasibətin saxlanması bu adam üçün vacib əhəmiyyət kəsb edir. Amma ola bilər ki, elə Qarabağ erməniləri Sarqsyana birinci etinasızlıq nümayiş etdirsinlər. Çünki məhz onlar üç onilliyə yaxındır ki, əsl girova çevriliblər və dözülməzlik onların həyat tərzinə çevrilib.

Sərksyan odu söndürüb külü ilə oynayır. Hazırkı vəziyyət onun komandasının siyasətinin iflasını bütün çılpaqlığı ilə nümayiş etdirir. Odur ki, bu adamın siyasi karyerasının sonu açıq-aydın görünür.

Abbasəli Hüseyni

LiderXeber.com
SON XƏBƏRLƏR


Yuxarı