2016-02-26 11:35

"Azərbaycan saytlarında boşluqlar var " - Türkiyəli haker

Türkiyənin tanınmış "etik hakeri” Tamer Şahinin LiderXeber.az üçün müsahibəsi:

- Texnologiyaya maraq necə yarandı? 


- Hər şey məktəb illərində işləməyən kompüterləri emalatxanaya aparmaqla başladı. Sonra kompüterin çox yaxşı bir dost olduğunu gördüm. Bu sahəyə marağım artdı və özümü inkişaf etdirdim. Mən başladığım zaman Google və ya bənzər köməkçi vasitələri yox idi.

- Kompüter üzrə təhsil aldınızmı? 

- Xeyr. Universitetdə komputer ilə bağlı fakultə oxumaq istəmədim. İxtisasım Beynəlxalq Münasibətlər idi. Daha fərqli bir dünya görüşü qazandırırdı.

- Özünüzü virtual aləmdə bir döyüşçü kimi görürsünüz? 

- Bir dövr elə bir hiss var idi içimdə. Amma bundan artığına nail ola biləcəyimi anladım. Etik hakerlik etməyə başladıqdan sonra gücümü pis niyyətli hakerlərə qarşı sistemləri qorumaq üzərində topladım. Bu istiqamətdə Türkiyə və Dünya miqyasında çox sayda dövlət qurumu, şirkət ilə əməkdaşlıq edirəm.

- Bu bacarığınızı hakerlikdən başqa nəyəsə sərf edirsinizmi? 

- Vaxt tapdıqca Universitetlərdə çıxışlar edərək, gəncləri məlumatlandırmağa çalışıram. Bundan başqa, TV proqramlarında informasiya təhlükəsizliyi haqqında xalqı maarifləndirməyə çalışıram. 

Pul qarşılığında hakerlik etmisinizmi? 

- Heç vaxt. Etik hakerliyi seçməzdən əvvəl də heç vaxt mənfəət əvəzi haranısa hak etməmişdim. Bu üzdən hazırda buradayam. 

- Azərbaycan hakerləri ilə işbirliyiniz oldumu? 

- Azərbaycana iki-üç dəfə gəlmişəm. Bakıya. Çox heyranedici bir şəhərdir. Azərbaycan xalqı çox mehribandır. Qardaş millət olduqlarını hiss etdirirlər. Bir neçə dövlət qurumundan da təklif gəlib, danışıq aparırıq.

- Azərbaycan saytlarına baxmısınızmı, hansı boşluqlar var? 

- Əlbəttə, icazə almadan Azərbaycanın heç bir saytına, firmaya, dövlət qurumuna hücum etməməliyik. Söhbətin mövzusu ola bilməz. Amma ümumilikdə danışarkən texniki baxımdan bəzi problemlər olduğunu gördüm. Xüsusən təhlükəsizlik testləri baxımından mövcud sistemlərin təhlil edilməsi böyük əhəmiyyət daşıyır. Xüsusilə elektrik şəbəkələri, qaz xətləri, neft xətləri, dövlət qurumları, maliyyə sektoru, telekommunikasiya sektorunun ciddi şəkildə təhlükəsizlik analizlərindən keçməsi lazımdır. 

- Yazdığınız kitab nə haqdadır? 

- "Hackerliyin ağlı" adlı kitabım hər bir texniki bilgi səviyyəsində olan insanın rahat oxuya biləcəyi kitabdır. Burda öz həyat hekayəmi anlatmışam. 

- Sonda Azərbaycanın internet istifadəçilərinə məsləhətiniz nə olacaq? 

- Əməliyyat sistemləriniz lisenziyalı olsun, antivirus proqramlarını aktiv saxlayın, bilmədiyiniz linklərə daxil olmayın. 

Samir Aslan

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı