2014-02-01 07:42

Bəzi məmurlar ölkə başçısının tapşırığına məhəl qoymur

Xalq arasında belə bir deyim var: "Qılınc müsəlmanıyıq”.

Bu deyim həmişə məni bir müsəlman olaraq narahat edir. Çünki "müsəlman” sözü yaxşılıq, doğruluq, bir sözlə insanda müsbət fikir formalaşdıran bir sözdür. Bu sözün yaranmasına da adi hal kimi baxmaq olar. Çünki ta qədimdən müsəlman müsəlman qardaşını torpağa, mala, mülkə görə hətta qılıncdan belə keçirib. Amma bu deyimi də unutmamaq məsləhətdir: "Meşə çaqqalsız olmaz”. Çox düzgün fikirdir. Çünki insanın səhv addım atması onun müsəlman və qeyri müsəlman olması ilə ölçülmür. Yəni səhv bir addımı müsəlmanlığa bağlamaq heç də müsbət yanaşma deyil. Amma Azərbaycan müsəlman ölkəsi olduğu üçün ilkin olaraq, bu sözün izahından başladım. Son zamanlar ölkəmizdə vətəndaş-məmur qarşıdurması yaşanır. Bunu əksər məmurların özbaşınalığı kimi də qələmə vermək olar. Redaksiyamıza daxil olan şikayətləri bir neçə dəfə sizlərə təqdim etmişik. Həmin şikayətlərin bir neçəsini qısa da olsa istəyirəm diqqətinizə yenidən çatdırım:

İlk şikayət elə özüm tərəfindəndir. Mən yaşadığım evdə bir neçə ildir internetdən istifadə edirəm. Təxminən 1-2 həftə bundan öncə internetdə bilinməyən səbəblərdən problem yaranmışdı. Mən vətəndaş olaraq, həmin internet-provayderin əlaqə telefonlarına zəng etdim. Səhv eləmirəmsə, İrina adlı bir xanım mənə dedi ki, problem sizin poçtdan gələn telefon xəttinizdədir. Zəng etdim poçta. Mənə bildirdilər ki, bizlik heç bir problem yoxdur. Bir sözlə, hər iki tərəf bir-birini ittiham edir. Məcbur olub zəng etdim Rabitə Nazirliyinin qaynar xətt xidmətinə. Çox keçmədi ki, (2-3 gün sonra) problem öz həllini tapdı.

Növbəti şikayət:Bir müddət əvvəl Sumqayıt Şəhər 2 saylı doğum evində baş verən özbaşınalıqlarla əlaqədar Murad Orucov adlı valideyin tərəfindən redaksiyamıza şikayət daxil olub. Şikayətçi maddi çətinliklərlə bağlı bir neçə dəfə iki saylı doğum evinə xanımımın yatması üçün müraciət etdiyini bildirib. Lakin həkimlər get-gələ salıb. Məsələ mətbuata çıxdıqdan sonra dərhal öz həllini tapıb. Hətta bir neçə dəfə şikayətçilər bildiriblər ki, yaranmış problemlə əlaqədar məxsus orqanlara müraciət etsə də, orada çalışan bəzi üzdəniraq məmurlar şikayətçiyə cavabında – "bizi narahat etməyin” belə, deməkdən çəkinməyib. Bu cür problemlərin çoxunu diqqətinizə çatdıra bilərəm, lakin baş-ağrısı olmasın deyə bununla kifayətlənirəm.

Məlum olduğu kimi, dəfələrlə ölkə başçısı İlham Əliyev məmurlara vətəndaşların şikayətlərinə baxılması, sosial yönümlü problemlərinin həlli, hüquqlarının bərpası, yaranmış problemlərin dərhal həll olunması barədə xüsusi tapşırıq verib. Lakin bəzi məmurlar ölkə başçısının bu tapşırığına biganə yanaşır, vətəndaşların problemini lazımınca həll etmir. Maraqlısı bundadır ki, məmur özbaşınalıqları, əsasən, ölkənin öndə olan ərazilərində – Sumqayıt, Gəncə və digər şəhərlərində özünü qabarıq şəkildə büruzə verir. Sonda sizə məsləhətim: Çalışın öz hüquqlarınızı mükəmməl səviyyədə öyrənin. Çünki "Şah qanun deyil, qanun şahdır”.

Səbuhi Vaqifoğlu

LiderXeber.com

SON XƏBƏRLƏR


Yuxarı