2015-11-23 12:44

Sumqayıtda məscidin yanında 24 saat fəaliyyət göstərən içki dükanı - FOTO

"Ulu Öndər Heydər Əliyev islam dinini Azərbaycan xalqının milli-mənəvi sərvəti hesab edirdi".

LiderXeber.az-ın redaksiyasına daxil olan məlumata görə, Sumqayıt şəhər "Katej” yaşayış massivində yerləşən məscid ərazisinin yaxınlığında 24 saat fəaliyyət göstərən içki satışı ilə məşğul olan dükanla bağlı şikayət daxil olub.

Şikayətdə bildirilir:

"Sumqayıt şəhər "Katej” yaşayış massivində yerləşən İmam Cəfər Sadiq adına məscidin giriş qapısına yaxın "Alko və Tütün” adlı market 24 saat fəaliyyət göstərir. Hər gün məscidə ibadət üçün gələn insanlar məcburən bu mağazanın qarşısından keçməli olurlar. Bu da öz növbəsində insanlar arasında narazıçılıqla qarşılanır. Belə ki, Allah evinin yanında belə bir mağazanın fəaliyyət göstərməsi milli mənəvi dəyərlərimizin qorunmasına kölgə salır. Ulu Öndər Heydər Əliyev islam dinini Azərbaycan xalqının milli-mənəvi sərvəti hesab edirdi. H.Əliyev öz çıxışlarında bildirirdi ki, bizim ənənələrimiz, mənəvi, milli, dini dəyərlərimiz ölməzdir və bundan sonra da yaşayacaqdır. Hazırda ölkə başçısı Cənab İlham Əliyev tərəfindən bu siyasət davam etdirilir. Belə ki, ölkədə yeni məscidlərin tikilməsi, köhnə məscidlərin bərpa edilməsi bunun bariz nümunəsidir.

Xahiş edirik ki, məscidin yanında yerləşən içki mağazasını fəaliyyət göstərməsinin qarşısını almaqda öz köməkliyinizi göstərəsiniz.

Qeyd edək ki, şikayət məktubu bir neçə sakinin imzası ilə aşağıdakı qurumlara göndərilib:

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadəyə

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcova

Mövzunu diqqətdə saxlayırıq.







Abbasəli Hüseyni

LiderXeber.az





SON XƏBƏRLƏR


Yuxarı