2015-11-03 17:07

Azərbaycan Milli Elmlər Akademiyası – 70 il

Bu il Azərbaycanın elmi ictimai həyatında çox əlamətdar bir ildir. Belə ki, cari ilin noyabr ayında ölkədə ən böyük elm ocağı olan Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 70 yaşı tamam olur. Bu illər ərzində ölkənin bütün elmi potensialını özündə cəmləyən AMEA şərəfli bir tarixi yol keçmiş, Azərbaycan elminin inkişafında böyük rol oynayan neçə-neçə alim və tədqiqatçılar yetişdirmiş, mühüm elmi nailiyyətlərə imza atmışdır. Azərbaycanda elmin inkişafına birbaşa təsir göstərən AMEA ölkədəki bütün elmi təşkilatlar və ali məktəblərin elmi fəaliyyətini əlaqələndirir, respublikada bu sahənin inkişafını təşkil və təmin edir. Onun əsas məqsədi təbiət, texnika, ictimai və humanitar elmlər sahəsində fundamental və tətbiqi tədqiqatlar aparmaqla yeni biliklər əldə etmək, ölkənin sosial-iqtisadi inkişafını sürətləndirməkdir. 70 il ərzində Akademiyada əldə edilmiş elmi nəticələr, çoxsaylı ixtiralar, yetişmiş yüksəkixtisaslı kadrlar bu gün müstəqil Azərbaycan Respublikasının demokratik və hüquqi dövlət kimi formalaşmasında həlledici rol oynamışdır.

Bu müqəddəs elm ocağının tarixi 1945-ci ildən başlayır. Həmin il martın 27-də Azərbaycan SSR Elmlər Akademiyası təsis olunmuşdur. Martın 31-də isə Akademiyanın həqiqi üzvlərinin ilk ümumi iclasında tanınmış həkim, əməkdar elm xadimi, akademik Mir Əsədulla Mirqasımov bu ali elmi təşkilatın ilk prezidenti seçilmişdir. M.Mirqasımov Azərbaycanda müasir tibb elmi və ali tibb təhsilinin əsasını qoymuş, bu sahədə məktəb formalaşdırmışdır. O, Elmlər Akademiyasının prezidenti kimi fəaliyyətə başladığı gündən elmin təşkili işinə dəyərli töhfələr verimişdir. 1945-1947-ci illərdə böyük alimin təşkilatçılıq təcrübəsi sayəsində respublikada elm və texnikanın müxtəlif sahələri üzrə fundamental və tətbiqi tədqiqatların genişləndirilməsi istiqamətində kompleks işlər görülmüşdür. Texnika, neft, kimya, təbiətşünaslıq, ictimai elmlər, ədəbiyyat və incəsənət sahəsində aktual məsələlərin həlli üçün məqsədyönlü tədbirlər planlaşdırılırmışdır. M.Mirqasımovun böyük elmi və həyat təcrübəsi, ensiklopedik biliyi sayəsində Akademiyada problemlər yüksək səviyyədə öz həllini tapmışdır.

Azərbaycan Milli Elmlər Akademiyasının tarixində dünya şöhrətli görkəmli kimyaçı alim Yusif Məmmədəliyevin böyük xidmətləri olmuşdur. O, 1947-50 və 1958-61-ci illərdə Azərbaycan SSR EA-nın prezidenti seçilmişdir. Əsasən neftin və neft qazlarının katalitik emalı sahəsində nailiyyətlərə imza atan Y.Məmmədəliyev Azərbaycanda neft kimyasının əsasını qoymuşdur. Alimin rəhbərliyi illərində akademiyada elmin hərtərəfli şəkildə inkişaf etdirilməsi üçün mühüm addımlar atılmış, Azərbaycan Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanası, Əlyazmalar İnstitutu, Sumqayıtda elmi-tədqiqat kimya institutları yaradılmışdır. Y.Məmmədəliyev Azərbaycanda neft elminin möhkəm və sistemli əsaslarını yaratmış, neftin tədqiqi ilə məşğul olan əsas elmi qurumların formalaşması, təkmilləşməsi və inkişafı sahəsində böyük xidmətlər göstərmişdir.

SSR EA-nın 1950-58-ci illərdəki rəhbəri akademik Musa Əliyev olmuşdur. Təbaşirin inoseram faunası, sistematika və biostratiqrafiya sahəsində tanınmış mütəxəssis olan M.Əliyev elmi fəaliyyəti dövründə 40 elmlər doktoru və namizədi yetişdirmişdir.

AMEA-nın dördüncü prezidenti Azərbaycanın ilk riyaziyyatçılarından biri olan Zahid Xəlilov olmuşdur. O, SSRİ EA-na rəhbərlik etdiyi 1962-67-ci illərdə funksional analiz, onun inteqral və diferensial tənliklərə tətbiqi, bütöv mühit mexanikası, avtomatik idarəetmə sisteminin riyazi nəzəriyyəsi, tətbiqi riyaziyyat və riyaziyyatın başqa səhələrində apardığı tədqiqatları ilə Azərbaycan elminə böyük töhfələr vermişdir. Z.Xəlilovun AMEA-da yüksəkixtisaslı kadrların hazırlanmasında böyük xidməti olmuşdur.

1967-70-ci illərdə SSRİ EA-ya rəhbərlik etmək şərəfinə akademik Rüstəm İsmayılov nail olmuşdur. Neft kimyası və neft emalı texnologiyası sahəsində mühüm elmi araşdırmaların müəllifi olan alim respublikanın neftayırma sənayesində termik krekinq texnologiyasının əsaslı surətdə təkmilləşdirilməsində böyük xidmətlər göstərmişdir. Respublikanın neft-kimya sahəsinin inkişafı üçün karbohidrogen xammalı bazasının yaradılması onun adı ilə bağlıdır.

1970-1983-cü illər ərzində bu böyük elm məbədinə fizika elminin əsas simalarından biri olan akademik Həsən Abdullayev rəhbərlik etmişdir. Onun elmi fəaliyyətinin əsas istiqaməti – mühüm şərtlər daxilində aşqarların, güclü maqnit və elektrik sahələrinin, yüksək təzyiqin, aşağı və ifrataşağı temperaturların birgə təsiri ilə yarımkeçirici maddələrin geniş əhatəsinin yaradılması və tədqiqi idi. O, 200-dən çox doktorluq və namizədlik dissertasiyasının rəhbəri olmuşdur. Yüksək təşkilatçılıq və təşəbbüskarlıq qabiliyyətinə malik H.Abdullayev tələbələrinə son dərəcə həssaslıqla yanaşmış, Azərbaycan elminin yüksəlişi və dünya arenasına çıxması istiqamətində əlindən gələni etmişdir.
1983-97-ci illərdə Azərbaycan EA-nın prezidenti akademik Eldar Salayev olmuşdur. O, bərk cisim fizikası, kvantelektronikası və fotoelektronika sahəsində görkəmli alimdir. Alimin rəhbərliyi ilə yarımkeçiricilər əsasında deflektor, deşifrator, fotoqəbuledicilər, elektron mikrosoyuducuları, metroloji tətdqiqatlar üçün qurğular yaradılmışdır.

1997-ci ildə AMEA-ya növbəti seçkilər keçirilmiş, bu dəfə elm ocağı əməkdar elm xadimi, akademik Fəraməz Maqsudova həvalə edilmişdir. Funksional analiz, diferensial tənliklər, tətbiqi riyaziyyat və mexanika sahəsində dərin elmi araşdırmaların müəllifi olan F.Maqsudov yüksəkixtisaslı kadr hazırlığı sahəsində göstərdiyi xidmətlər və elmi nailiyyətlərinə görə "Xalqlar dostluğu" ordeni ilə təltif olunmuşdur.

Akademik Mahmud Kərimov isə AMEA-ya 2001-2013-ci illərdə rəhbərlik etmişdir. Onun rəhbərliyi dövründə Azərbaycan elmi beynəlxalq elm infrastrukturlarına sürətlə inteqrasiya olunmuş və xarici ölkələrlə əlaqələrini xeyli genişləndirmişdir. Respublikamızda fizika elminin inkişafına qiymətli töhfələr vermiş Mahmud Kərimov zəngin elmi fəaliyyəti ilə radiasiya fizikası və informatika sahələrinin yeni biliklərlə zənginləşməsində mühüm rol oynamışdır. Alimin rəhbərliyi ilə Azərbaycan Milli Elmlər Akademiyasının strukturu müasir dövrün tələbləri baxımından modernləşməyə başlamış və təkmilləşdirilmiş, maddi-texniki bazası və kadr potensialı gücləndirilmişdir. Alim mötəbər beynəlxalq simpozium, konfrans və forumlardakı çıxışları ilə Azərbaycan elmini layiqincə təmsil etmişdir.

Ümumillli lider Heydər Əliyevin rəhbərliyi dövründə ölkədə elmin inkişafı, cəmiyyətdə elmi işçilərin nüfuzunun artırılması sahəsində önəmli tədbirlər həyata keçirilmişdir. Prezident Heydər Əliyevin 2001-ci il mayın 15-də imzaladığı Fərmanla Azərbaycan Elmlər Akademiyasına "Milli Elmlər Akademiyası” statusu verilmişdir. Bu tarixi fərman AMEA-da ölkə elminin inkişafı istiqamətində aparılan islahatları, Akademiyanın ölkənin tərəqqisində əvəzsiz rolunu bir daha təsdiqləmişdir.

Akademik Akif Əlizadənin 24 aprel 2013-cü ildə Milli Elmlər Akademiyasının prezidenti seçilməsi ilə qurum özünün inkişaf və məzmunca yeni mərhələsinə qədəm qoymuşdur. AMEA-da elm sahəsində bütövlükdə ölkə üzrə və ilk növbədə isə akademiyada genişmiqyaslı islahatlar həyata keçirilməyə başlamışdır. A.Əlizadənin böyük islahatçılıq və yeniləşdirmə mövqeyi, yüksək təşkilatçılıq bacarığı, zəngin təcrübəsi, səyləri birləşdirmək qabiliyyəti qısa müddətdə Milli Elmlər Akademiyasında böyük dəyişikliklərin baş verməsi ilə nəticələnmişdir.

Alim Dövlət başçısı İlham Əliyevin elm sahəsində qəbul etdiyi Fərman və Sərəncamların ardıcıl olaraq həyata keçirilməsi, yüksəkixtisaslı kadrların hazırlanması, onlara qayğı göstərilməsi, gənclərin elmə cəlb edilməsi, cəmiyyətdə elmi işçilərin nüfuzunun artırılması sahəsində bir sıra mühüm qərarlar qəbul etmişdir. İki il ərzində Azərbaycan Milli Elmlər Akademiyasının Rusiya, Fransa, Türkiyə, Polşa, Britaniya, Bolqarıstan, Almaniya, Çin, Koreya, Yaponiya, İsrail və digər ölkələrin elm və ali təhsil qurumları ilə əməkdaşlıq əlaqələri formalaşmışdır. Qarşılıqlı inteqrasiya proseslərinin genişlənməsi yeni elmi ideyaların meydana çıxmasına, dünya təcrübəsinin öyrənilməsinə, beynəlxalq laboratoriyaların yaradılmasına və birgə əməkdaşlığa geniş meydan açmışdır.

Bu gün AMEA nəhəng bir təşkilat kimi fundamental tədqiqatların əsas mərkəzinə çevrilmişdir. Hazırda Azərbaycan Milli Elmlər Akademiyasında 10 minə yaxın əməkdaş, o cümlədən 664 elmlər doktoru, 2026 nəfər fəlsəfə doktoru çalışır. Akademiyanın 67 həqiqi üzvü və 115 müxbir üzvü var. AMEA bir çox nüfuzlu beynəlxalq elmi təşkilatların üzvüdür, onun əməkdaşları MDB ölkələri, ABŞ, Yaponiya, İsrail, İsveçrə, İngiltərə, Almaniya, Pakistan, Türkiyə, İran və başqa ölkələrin aparıcı elm və təhsil müəssisələri ilə birgə proqram çərçivəsində tədqiqatlar aparır, kadr və informasiya mübadilələrində iştirak edirlər.

14 mart 2014-cü il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkədə elmi-intellektual potensialın milli sərvət kimi formalaşdırılmasında, elmin müxtəlif sahələri üzrə yüksəkixtisaslı kadrların hazırlanmasında müstəsna rolunu nəzərə alaraq AMEA-nın 70 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalamışdır. Həmin gündən etibarən AMEA-da yubileyin təşkili ilə əlaqədar bir sıra əhəmiyyətli tədbirlər həyata keçirilmiş, o cümlədən AMEA-nın 70 illik fəaliyyəti və elm aləminə bəxş etdiyi görkəmli simalar, Akademiyanın yaradılmasında və inkişafında müstəsna xidmətləri olan alimlər haqqında kitabların nəşr olunması nəzərdə tutulmuşdur.

Noyabr ayında təntənəli şəkildə qeyd olunacaq yubiley tədbiri AMEA-da 70 il ərzində həyata keçirilən ən mühüm tədbirlərin, əldə olunan elmi nailiyyətlərin həm ölkə, həm də dünya ictimaiyyətinə çatdırılmasında böyük rol oynayacaq, Azərbaycan elminin dünya elminə inteqrasiyası istiqamətində yeni imkanlar açacaq.



AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin Elektron informasiya şöbəsinin rəis müavini Nərgiz Qəhramanova

SON XƏBƏRLƏR


Yuxarı