2015-10-15 14:44

Bakıda “Bir şəhidin izi ilə” kitabı çapdan çıxıb

"Parlaq imzalar” nəşriyyatı İlqar Kamilin "Bir şəhidin izi ilə” kitabını çap edib. Əsər Azərbaycanın Milli Qəhrəmanı şəhid Mübariz İbrahimovun xatirəsinə həsr olunub.

LiderXeber.az-ın məlumatına görə, müəllif müsəlman təqvimi ilə yeni il – məhərrəm ayı ərəfəsində oxuculara təqdim edilmiş kitabında İmam Hüseyn (ə) hərəkatı və onun izi ilə gedən şəhid Mübariz İbrahimovun mübarizəsinə işıq tutur, müqəddəs tarix və yeni dövr hadisələri arasında inandırıcı paralellər aparır.

"Sizə desələr ki, (bəlkə dəflərlə deyiblər , deyirlər və yenə deyəcəklər) həyat 5 günlükdür, əyləncədir, kef-damaqdır - bil ki, bu, həyat imkanlarını əlinizdən üsulluca almaq üçün bir siyasətdir”, - deyə müəllif şəhid Mübariz dastanının təhlilinə başlayır. Eləcə də öz izah üsulu ilə bu hekayəti müqəddəs və həyati mənbələrə istinadla çözüb oxuculara təqdim edir: "Vətən, onun üçün döyünən narahat ürəklər sayəsində vətəndir. Yəni vətəni VƏTƏN edən elə bu narahat insanlardır. Vətənimiz üçün narahatıqmı”?

Başqa yerdə oxuyuruq: ”Bəzən düşünürəm ki, məhz inancı idi şəhid Mübarizi belə qorxusuz, mübariz edən amil”...

Bildirək ki, Azərbaycan oxucuları Rusiyanın Yaroslavl şəhərində yaşayan İlqar Kamilin son vaxtlar "Parlaq imzalar” nəşriyyatı tərəfindən çap edilmiş "Səmavi mesajlar”, "Ayrılıq mütləqdir” kitablarını da maraqla qarşılayıblar.

Günay Cəfərova

LiderXeber.com
SON XƏBƏRLƏR


Yuxarı