2015-09-12 15:25

“ASAN xidmət”ə beynəlxalq diqqət

Konsaltinq və audit sahəsində peşəkar xidmətlər təklif edən beynəlxalq şirkətlər şəbəkəsi "Pricewaterhouse Coopers” (PwC) tərəfindən Bakı, Moskva, Madrid, San-Paulo, Berlin, London, Seul, Sidney, Amsterdam, Stokholm və digər şəhərlər üzrə "Dövlət və bələdiyyə xidmətlərinin göstərilməsi mərkəzinin müqayisəli təhlili” mövzusunda araşdırma aparılıb.

LiderXeber.az vergilər.az saytına istinadla bildirir ki, araşdırmaya əsasən, dünyanın yalnız bir neçə şəhərində vətəndaşlar ”bir pəncərə” sistemi ilə rahat şəkildə və vaxt itirmədən istədikləri sənədləri əldə edə bilirlər.

Dünyanın 18 iri şəhərlərində yerləşən və dövlət xidmətlərinin "bir pəncərə” prinsipi ilə göstərildiyi çoxfunksiyalı mərkəzlərin işi təhlil edilib. Qiymətləndirmə əsasən xidmətlərin sərfəliliyi, rahatlıq, növbələrin idarə olunması və əks-əlaqə üzrə aparılıb. Vətəndaşlarla dövlət qurumları arasında əlaqələri asanlaşdırmaq məqsədi ilə son vaxtlar Bakı, Moskva və San-Pauloda yaradılan xidmətlər digər ölkələrdəki analoji qurumlardan üstün olub.

Azərbaycanda yaradılmış "ASAN xidmət” dövlət tərəfindən təqdim edilən sənədlərin tez, rahat və keyfiyyətli formada vətəndaşlar tərəfindən alması baxımından daha yüksək dəyərləndirilib. Bundan başqa, qaynar xətt fəaliyyəti və vətəndaşların internet vasitəsi ilə müraciəti üzrə araşdırmada da "ASAN xidmət” digər ölkələrdə fəaliyyət göstərən "bir pəncərə” sistemlərindən öndə olub.

Telefon qaynar xətti böyük şəhərlərin, demək olar ki, hamısında mövcuddur, lakin operativ əks-əlaqə pultları yalnız Sidney, Moskva, Helsinki və Bakıda fəaliyyət göstərir, mobil əlavə vasitəsilə fikir bildirmək imkanı isə Moskva, Berlin və Madriddə mövcuddur.

Bakıda fəaliyyət göstərən mərkəzlər daim internetə açıq olan kompyuterlərlə təchiz edilib. Burada vətəndaşların hər növ elektron xidmətlərdən yararlanmasına şərait yaradılıb. Araşdırma zamanı qurumların operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyətlilik, etik davranış qaydalarına nəzarət və rahatlığı da nəzərə alınıb.

Günay Cəfərova

LiderXeber.com
SON XƏBƏRLƏR


Yuxarı